Hərbçiyə 10 gün, vətəndaşa eyni əmələ görə 8 il həbs! Bu necə olur?!backend

Hərbçiyə 10 gün, vətəndaşa eyni əmələ görə 8 il həbs! Bu necə olur?!

“Hərbçi hərbi sirri mülki vətəndaşdan daha çox qorumalı və bunun üçün məsuliyyət daşımalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan Cinayət Məcəlləsinə əlavələri şərh edib.

Xatırladaq ki, təkliflərə əsasən, Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir.

Yeni 614-1 maddəyə görə, bu cür məlumatları mediada, habelə sosial mediada yayılmasına görə hərbi qulluqçular 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Eyni əmələ görə sıravi vətəndaşlar (CM-in yeni 284-2 maddəsinə əsasən) 5 ildən 8 ilədək, yaxud 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, hərbi sirləri daha çox onu qorumalı olan şəxslər daha çox məsuliyyət daşıyırlar:

“Hərbçi çalışmalıdır ki, hərbi sirr başqasının, o cümlədən mülki şəxslərin əlinə keçməsin. Qanunu bu şəkildə təqdim etmək insanlarda çaşqınlıq yaradır. Əgər hərbçi düşünmədən hərbi texnikanın hər hansı əraziyə aparılmasını videoya çəkirsə, təqsir mülki şəxsdə olmamalıdır.

Bu layihə və dəyişikliklər düşünülmədən müzakirəyə çıxarılıb. Dövlətin də adına xələl gətirir və insanlar arasında doğru hesab olunmur.

Hərbçinin borcu ona həvalə olunan işi yüksək səviyyədə yerinə yetirməkdir. Yəqin ki, müəyyən müddətdən sonra məsələyə yenidən qayıdılacaq”.

Ekspert qeyd edir ki, bu qərar öz aktuallığını itirib:

“CM-ə dəyişiklik, müəyyən mənada, gecikib. Artıq müharibəni bitirmişik. Qarabağ münaqişəsi yoxdur.

Bir daha bildirirəm ki, bu cür mövzularda bir az ciddi olmaq və diqqət etmək lazımdır. Vətəndaşın hərbi sahədən savadı və anlayışının olmaması normal haldır. Lakin hərbçinin borcudur ki, öz peşəsinə aid olan öhdəliklərə diqqətlə yanaşsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*