İçərişəhərdə qədim “Qurama” sənəti bərpa olunur – FOTOLARbackend

İçərişəhərdə qədim “Qurama” sənəti bərpa olunur - FOTOLAR

2020-ci ilin dekabr ayından başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə xalqımızın qədim tarixi köklərə və ənənələrə bağlı bədii tikmə növlərindən olan “Qurama” sənətinin yenidən bərpa olunmasına start verilir.

KONKRET.az-a “İçərişəhər” DTMQ İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Məşğulluq İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi ilə qarşılıqlı şəkildə “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda xalq sənətkarlığının inkişafı və Xəzər rayonunda yaşayan işsiz qadınların məşğulluğunun təmin edilməsi məqsədilə başlayacağı yeni layihəyə Qala qəsəbə sakinlərindən yeddi nəfər qadın cəlb ediləcək.

Layihədə yer alan xanımlara “İçərişəhər” Muzey Mərkəzinin təşkilatçılığı ilə qurama sənəti üzrə mütəxəssis, beynəlxalq sərgilərin iştirakçısı Sevil Məmmədova tərəfindən xüsusi təlimlər keçiriləcək.

Burada işlə təmin olunan qadınlarımız, eyni zamanda unudulmaqda olan qurama sənətinin incəliklərinə yiyələnəcək, həm də bu sənəti inkişaf etdirəcəklər.

Zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi qurama bədii tikmə növü Azərbaycanın dekorativ sənət mədəniyyətində özünəməxsus yer tutur.

Bu tikmə növü əvvəllər parçaya qənaət məqsədilə istifadə olunsa da sonralar gözəl bir bədii sənətkarlıq növünə çevriib. Konkret üslubu olmayan bu sənət növündə ustadan sadəcə bədii zövq və uyğun rənglərdən kompozisiya qurmaq istedadı tələb olunur.

Layihənin həyata keçirilməsində məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin fabrik istehsalının artması ilə unudulmaq təhlükəsi yaşayan qurama sənətinə yeni həyatın verilməsi və dünyada tanıdılmasıdır.

Layihə çərçivəsində qurama tikmə sənətini interaktiv turlara daxil etməklə “Qala” qoruğunda yerli və xarici turistlərin marağına səbəb olacaq master-klasslar da təşkil olunacaq.

Maraqlısı budur ki, bəzi tarixi ənənələri hələ də özündə yaşadan Qala kəndi bu cür etno sənət növlərinin bərpasına və təbliğinə dəstək göstərilməklə qloballaşan dünyamızda texnologiyalardan yorulan insanların üz tutmaq istədiyi bir məkan olacaq.

Qurama sənətinin bərpası layihəsinin uğurlu nəticəsi olaraq gələcəkdə “İçərişəhər” DTMQİ-nin “gurama.az” brend məhsullarının hazırlanması da nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*