İdeal dövləti necə qurmaq olar?backend

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim.

İndi yəqin ki, barmağınızı gicgahınızda fırladıb deyəcəksiniz: ideal dövlət qurmağa kimlər cəhd etməyib ki?! Lenin, Hitler və Mao Tszedun kimi ifrat düşüncəli şəxslər belə bu iddiada olublar.

Amma tikinti ilə məşğul olan hər kəs bilir ki, nəyisə inşa etməyə başlamazdan əvvəl layihə hazırlamaq lazımdır. Layihə isə yalnız tikinti tarixini, o cümlədən uğursuz təcrübələri öyrəndikdən sonra ortaya qoyula bilər.

Elə isə başlayaq. Mətn bir qədər uzun olacaq. Mövzu genişdir. Maraqlanmayanlar rahatlıqla işə gedə bilərlər.

Birinci hissə: İqtisadiyyat

İdeal dövlətin təməlində üç əsas sütun dayanır: iqtisadiyyat, siyasət və din.

İqtisadiyyat məsələsi, ilk baxışdan, kifayət qədər aydındır. Şəxsi mülkiyyət öz zəruriliyini sübut edib. Sosialist təcrübələrinin hamısını Tarix zibilxanasına atmaq olar. Bununla belə, vəhşi kapitalizm də artıq müasir cəmiyyət üçün uyğun model deyil.

Bəs onda nə etməliyik?

Gəlin düşünək.

Cəmiyyət həmişə varlı və kasıb təbəqələrə bölünəcək. Bu, insan təbiətinin xüsusiyyətlərindən biridir. Əsas məsələ cəmiyyətin hansı nisbətdə bölünməsi və iqtisadi təbəqələr arasında sosial liftlərin, yəni insanların bir sosial təbəqədən digərinə yüksəlməsinə imkan verən mexanizmlərin mövcud olub-olmamasıdır.

Təxminən ideal hesab edilə biləcək model belə ola bilər:

* 10 faiz — varlılar və supervarlılar;

* 50 faiz — orta təbəqə;

* 30 faiz — yoxsullar;

* 10 faiz — lümpen təbəqə.

Belə böyük orta təbəqənin mövcudluğu dövlətdə sabitliyi təmin etməyə kömək edər. Bütün təbəqələr arasında sosial yüksəliş imkanlarının olması isə cəmiyyətdə kəskin qarşıdurmaların və sosial partlayışların qarşısını almağa şərait yaradar.

Buna görə də qanunlar və vergi siyasəti elə qurulmalıdır ki, cəmiyyətdə məhz belə bir iqtisadi mənzərənin formalaşmasına imkan yaransın.

Bunun mümkün olub-olmaması məsələsini hələlik açıq saxlayaq.

Bəs sosial müavinətlər lazımdırmı? Əlbəttə, lazımdır! Lakin burada sosializmə yuvarlanmaq təhlükəsi də var.

Müavinətlər insanın ömür boyu onlardan asılı qalmasına deyil, çətin vəziyyətdən çıxaraq daha yaxşı həyat səviyyəsinə yüksəlməsinə kömək etməlidir.

Bu da çox geniş mövzudur. Hələlik üzərində dayanmayacağıq.

İkinci hissə: Siyasət

İndi isə siyasətdən danışaq.

Demokratik idarəetmə modeli indiyədək düşünülmüş modellər arasında ən yaxşısıdır. İdeal iqtisadi modelə nail olunduğu təqdirdə, demokratiya işlək sistemə çevrilə bilər.

Ancaq keçid dövründə əhalinin müəyyən hissəsinin seçki hüququndan məhrum edilməsi də mümkün ola bilər. İndi yəqin ki, çoxları mənə etiraz edəcək. Söhbət vergi ödəməyən və sosial müavinətlər hesabına yaşayan insanlardan gedir.

Bu yolla siyasətçilərin populizmini müəyyən qədər məhdudlaşdırmaq olar. Axı elə siyasətçilər var ki, insanlara hər şeyi vəd edir, hamının bütün problemlərini dərhal həll edəcəklərini bildirirlər.

Hər bir siyasətçinin fəaliyyəti üçün dəqiq zaman həddi müəyyənləşdirilməlidir. Bu müddət 10 ildən 20 ilədək ola bilər. Həmin müddət başa çatdıqdan sonra siyasətçi istəsə, ictimai fəaliyyətlə məşğul ola bilər.

Əks halda, idarəetmədə durğunluq yaranır və bunun ardınca digər problemlər meydana çıxır.

Real siyasi rəqabət, hakimiyyət bölgüsü, müstəqil məhkəmə sistemi və azad media da ideal dövlətin vacib şərtləridir.

Əslində, burada qeyri-adi heç nə yoxdur.

Üçüncü hissə: Din

Və nəhayət, qəribə səslənsə də, ən mühüm məsələyə — dinə keçək.

İstəsək də, istəməsək də, dini müharibələr olub və görünür, hələ uzun müddət davam edəcək. Buna görə də ideal dövlət üçün din məsələsi xüsusi əhəmiyyət daşıyır.

Belə bir dövlətin dini sülhpərvər olmalıdır.

Yeri gəlmişkən, mənim fikrimcə, ateizm də bir növ dindir.

Belə bir dövləti qurmaq istəməyən və ya onun qurulmasına mane olan şəxslər ölkəni tərk etməlidirlər. Zorakılıq yolu ilə dövlətin qurulmasına mane olmağa çalışanlar isə cəmiyyətdən sərt şəkildə təcrid edilməlidirlər.

Bəs bütün bunlardan hansı nəticəyə gəlmək olar?

Çox güman ki, bəşəriyyət hələlik belə bir modeli qəbul etməyə hazır deyil.

Sivil cəmiyyətin içinə sosialist ideyaları və multikulturalizm düşüncəsi o qədər dərindən nüfuz edib ki, bu modelin həyata keçirilməsi çətin görünür.

Bu gün Fransada müşahidə etdiyimiz hadisələr də, müəllifin fikrincə, həmin proseslərin nəticəsidir.

Hələlik bu qədər.

Mənimlə mübahisə etmək, yaxud fikirlərimi dəstəkləmək istəyənlər şərhlərdə yaza bilərlər. Kobudluq edənləri və təhqirə yol verənləri isə dərhal bloklayıram. İnciməyin!

Müəllif: Dmitri Zotikov
Hazırladı: Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*