Urbanizasiyanın sürətlə genişləndiyi müasir dövrdə şəhərsalma siyasəti əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Son illərdə ölkənin sosial-iqtisadi inkişafını, əhalinin rifahının yüksəldilməsini və şəhər mühitinin müasirləşdirilməsini hədəfləyən strateji qərarlar qəbul edilib, urbanizasiya proseslərinin idarə olunması, tarazlı məskunlaşmanın təmin edilməsi və ekoloji balansın qorunmasına yönələn mühüm addımlar atılıb.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir texnologiyalara əsaslanan bərpa və yenidənqurma prosesi şəhərsalma sahəsində yeni mərhələnin əsasını qoyub. Postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət alan tikinti və quruculuq işləri Azərbaycanın bu sahədə əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirib.
Artıq üçüncü ildir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlığı çərçivəsində Azərbaycanda təşkil edilən Milli Şəhərsalma Forumları bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu il 15–17 oktyabr tarixlərində Xankəndi və Bakı şəhərlərində keçirilən növbəti forum (NUFA3) ölkəmizin şəhərsalma və regional inkişaf sahəsindəki nailiyyətlərinin və gələcəyə dair baxışlarının beynəlxalq ictimaiyyətə sistemli şəkildə təqdim olunduğu mühüm platformaya çevrildi.
Forumun Xankəndidə işə başlaması azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq aləmdə təqdim olunması baxımından geniş imkanlar yaratdı. Eyni zamanda, tədbirin formatı və miqyası onun artıq milli sərhədləri aşaraq beynəlxalq urbanizasiya platforması kimi mövqeyini möhkəmləndirdiyini göstərdi.
“İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusuna həsr olunmuş Forum şəhərsalma, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və postmünaqişə dövründə bərpa kimi aktual çağırışları əhatə edərək, açıq və çoxtərəfli dialoq üçün mühüm məkana çevrildi. Tədbirə 60-dan çox ölkədən 200-dən artıq nümayəndənin, ümumilikdə onlayn və oflayn qaydada 1500-ə yaxın iştirakçının qatılması Azərbaycanın bu sahədə təcrübəsinə beynəlxalq marağı bir daha təsdiqlədi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forum iştirakçılarına ünvanladığı müraciətdə tədbirin artıq ənənəvi xarakter aldığını vurğuladı. O, forumun milli, regional və beynəlxalq tərəfdaşlar arasında təcrübə mübadiləsinə, yeni təşəbbüslərin formalaşmasına və əməkdaşlığın dərinləşməsinə şərait yaratdığını xüsusi qeyd etdi. Prezident NUFA3-ü Azərbaycanın bu sahədə uğurlu beynəlxalq əməkdaşlığının növbəti bariz nümunəsi və ortaq məqsədlərə yönəlmiş həmrəyliyin ifadəsi kimi dəyərləndirdi: “Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişiklikləri və şəhərsalma ilə bağlı qlobal çağırışların həllində, eləcə də innovativ yanaşmaların formalaşdırılmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax da açılış nitqlərində NUFA3-ün qlobal şəhərsalma gündəliyinin həyata keçirilməsi və dayanıqlı şəhərlərin qurulması baxımından əhəmiyyətli əməkdaşlıq platforması olduğunu bildirdilər.
Forum çərçivəsində təşkil olunan 10 panel müzakirədə iqlim dəyişikliklərinə uyğunlaşma, dayanıqlı infrastruktur, rəqəmsallaşma, yaşıl texnologiyalar, mənzil təminatı, maliyyə və innovasiya mexanizmləri, mədəni irsin qorunması və postmünaqişə ərazilərində şəhərsalma strategiyaları kimi aktual mövzular gündəmə gətirildi. Yerli və xarici mütəxəssislər bu sahədə qabaqcıl təcrübələrini bölüşdülər. Azərbaycan bu forum vasitəsilə həm də urbanizasiya sahəsində qazandığı uğurların arxasında duran siyasi iradə, strateji planlaşdırma və müasir yanaşmaları beynəlxalq ictimaiyyətə təqdim etmiş oldu.
Forumun iştirakçılarından olan millət vəkili Vüqar Bayramov da hesab edir ki, III Azərbaycan Milli Şəhərsalma Forumu dayanıqlılıq, inklüzivlik, yaşıl hədəflər və sosial-iqtisadi inkişaf sahəsində daha yaxşı təcrübərlərin təqdimatına imkan yaratdı. Onun fikrincə, tədbir milli xarakter daşısa da, bu sahədə beynəlxalq təşəbbüslərə xüsusi töhfə verə bildi. “Forumda müzakirə edilən məsələlər bir daha təsdiq etdi ki, şəhərsalma sadəcə texniki deyil, sosial-iqtisadi inkişafı şərtləndirən institusional amildir. “Ağıllı şəhər” modellərdən istifadə edilməsi xidmətlərə əlçatanlığı artırmaqla yanaşı, investisiyaların cəlbi və məşğulluğun yüksəldilməsi kimi hədəflərin reallaşmasına da dəstək verir”.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin beynəlxalq standartlara uyğunluğunu qeyd edən V.Bayramov Şuşa və Xankəndidə icra edilən layihələrin BMT ekspertləri tərəfindən nümunə kimi təqdim edilməsini də önəmli faktor kimi diqqətə çatdırdı.
Forumun nəticələri Azərbaycanın şəhərsalma siyasətinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində də mühüm rol oynadı. Bir tərəfdən, bu tədbir formalaşmaqda olan və sosial inklüzivlik, ekoloji dayanıqlılıq, texnoloji yeniliklər və mədəni irsin qorunması prinsiplərinə əsaslanan müasir şəhərsalma modelinin təqdimatı rolunu oynadı. Digər tərəfdən isə bu modelin BMT-nin Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi ilə uyğunluğunu nümayiş etdirdi. Bu, Azərbaycanın yalnız milli səviyyədə deyil, regional müstəvidə də liderlik iddiasını ortaya qoydu.
Forum çərçivəsində qurulan əməkdaşlıqlar və təcrübə mübadiləsi gələcək layihələr üçün möhkəm zəmin yaratdı. Dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq ekspertlər arasında formalaşan tərəfdaşlıqlar Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq baxımından da əhəmiyyətli oldu.
Bununla bağlı fikirlərini bölüşən millət vəkili Fatma Yıldırım Xankəndi şəhərində iştirak etdiyi III Milli Şəhərsalma Forumunu xüsusilə işğaldan azad olunmuş ərazilərin dirçəlişi və bərpası kontekstində Azərbaycan tarixində mühüm strateji əhəmiyyətə malik tədbir kimi qiymətləndirir:
“Məlum olduğu kimi, son illərdə Azərbaycanın şəhərsalma siyasəti yalnız paytaxt Bakı ilə məhdudlaşmır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf konsepsiyası çərçivəsində xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dayanıqlı, “ağıllı” və “yaşıl” şəhərlərin salınması dövlətimizin əsas prioritetlərindəndir. Bu baxımdan Xankəndidə belə bir forumun təşkili həm rəmzi, həm də praktiki əhəmiyyət daşıyır. Biz artıq bu ərazilərdə planlaşdırma mərhələsindən icra mərhələsinə keçmişik və Forum məhz bu keçidin rəsmi və beynəlxalq səviyyədə təqdimatıdır. III Milli Şəhərsalma Forumu eyni zamanda 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna aparan yolda mühüm mərhələ kimi dəyərləndirilməlidir. Bu tədbir Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində fəal iştirak etdiyini, regional və qlobal təcrübə mübadiləsinə açıq olduğunu nümayiş etdirir. Forum çərçivəsində qurulan tərəfdaşlıqlar, aparılan müzakirələr və təqdim olunan konsepsiyalar gələcək qlobal tədbirin daha uğurla təşkilinə möhkəm zəmin yaradır”.
Fatma Yıldırım onu da qeyd edir ki, deputatlar, yerli idarəetmə orqanları və sahə üzrə mütəxəssislər bu prosesdə fəal iştirak etməlidir: “Forumun müvəffəqiyyəti üçün əsas şərtlərdən biri məhz birgə əməkdaşlıq, dövlət-özəl sektor əlaqələrinin gücləndirilməsi və vətəndaş iştirakçılığıdır. Bu prinsiplər artıq Azərbaycanda tətbiq olunur və biz bu təcrübəni 2026-cı ildə keçiriləcək WUF13 çərçivəsində dünya ilə bölüşməyə tam hazırıq”.
Millət vəkili həmçinin əmindir ki, Forumun nəticələri yalnız nəzəri müzakirələrlə məhdudlaşmayacaq, həm konkret layihələrin icrasında, həm də normativ hüquqi bazanın təkmilləşdirilməsində və idarəetmə mexanizmlərində real dəyişikliklərə səbəb olacaq. Bu, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası və Azərbaycan xalqının doğma torpaqlarında layiqli yaşayışının təmin olunması istiqamətində mühüm addımdır.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini olaraq Fatma Yıldırım Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Forumun yüksək səviyyədə təşkili, mövzu müxtəlifliyi, peşəkar panel və təqdimatlar üçün təşəkkürünü də ifadə edib, Komitənin bu sahədə həyata keçirdiyi sistemli fəaliyyətin və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin təqdirəlayiq olduğunu vurğulayıb.
Qeyd edildiyi kimi, Azərbaycan Milli Şəhərsalma Forumu artıq ardıcıl olaraq üçüncü dəfə keçirilməklə əhəmiyyətli bir ənənəyə çevrilmişdir. Lakin budəfəki Forum 2026-cı ildə Bakıda baş tutacaq 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq ərəfəsində keçirilməsi ilə daha böyük önəm kəsb etdi. BMT-nin Məskunlaşma Proqramı ilə sıx əməkdaşlıq nəticəsində Azərbaycanın belə mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin bu sahədə etibarlı tərəfdaş və regional lider kimi qəbul edilməsinin göstəricisidir. NUFA3 bu baxımdan həm siyasi, həm texniki, həm də ictimai səviyyədə çoxşaxəli təsirə malik oldu. Forum bir tərəfdən Azərbaycanın şəhərsalma sahəsində strateji baxışını, texnoloji imkanlarını və idarəetmə bacarığını nümayiş etdirdi, digər tərəfdən isə ölkəmizin qlobal urbanizasiya gündəminə real töhfə verməyə hazır olduğunu sübut etdi. Qarşıdan gələn 13-cü Ümumdünya Şəhərsalma Forumu bu yolun məntiqi davamı olaraq Azərbaycanın qlobal şəhərsalma dialoqunda tamhüquqlu və fəal iştirakçı kimi çıxış etməsini təmin edəcək.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Müşviq Tofiqoğlu,
KONKRET.az