İlham Əliyev: “Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar” – VİDEObackend

İlham Əliyev: "Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar" - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə – İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edib. Prezident maraqlı açıqlamaları ilə yenə diqqəti cəlb edib.

“İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

Dövlət başçısı daha sonra deyib:

“… Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.

Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmişiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək.

Ona görə sizin qarşınızda çox böyük vəzifələr dayanır. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*