Prezident İlham Əliyevin Ukrayna xalqına etdiyi çağırış – “heç vaxt işğalla barışmayın” – Rusiyanın təbliğat sistemində ciddi sarsıntı yaradıb. Rusiyanın Z-kanallarında dərhal isterik reaksiyalar meydana çıxıb: “Azərbaycan Ukraynanın yolunu gedir!”, “Bakı düşmənə çevrildi!”, “Xəzər dənizində müharibəyə hazırlaşırıq!”
KONKRET.az xəbər verir ki, bu isterikanın səbəbi çox sadədir: Rusiya bombalardan və raketlərdən daha çox, həqiqətdən qorxur. İlham Əliyev isə məhz bu həqiqəti dilə gətirib. O, Rusiyanın adını çəkməyib, təhdid səsləndirməyib, sadəcə olaraq bildirib ki, işğalla barışmaq – heç yerə aparmayan yoldur. Bu, Z-təbliğatçılarının “Bakıya ‘Orexnik’lə zərbə endirək” çağırışları səsləndirməsinə kifayət edib.
Ən maraqlı məqam isə budur: təyyarəsi vurulmuş və 38 vətəndaşı həlak olmuş bir ölkənin prezidenti susmamağı tövsiyə edir, beynəlxalq məhkəmələrə müraciətə hazırlaşdığını bildirir. Cavab isə yenə təhdid və təhqirdir – “Orexniklə Bakı vurulmalıdır!”
Bu artıq nə ritorikadır, nə də təbliğat – bu, açıq-aşkar panikadır. Z-təbliğatının məntiqinə görə: “Təyyarənizi vurduq? Susun, əks halda – müharibə!”
Azərbaycan isə bu gün sadəcə bir şey tələb edir – hadisənin obyektiv araşdırılması, məsul şəxslərin cəzalandırılması və həlak olanlara hörmət.
Rəsmi Moskva “istintaq davam edir” deməklə kifayətlənir, amma Z-kanallar qışqırır: “Azərbaycan düşməndir!”
Heç biri isə sadə bir sual vermir: Əgər vurulan təyyarə Rusiya təyyarəsi olsaydı nə baş verərdi? Bu sualdan qorxurlar. Çünki cavab yaxındadır.
Prezident İlham Əliyev yalnız bir məqamı xatırladıb: XXI əsrdəyik. Və bu əsrdə nə Kremlin “ssenariləri”, nə də “imperiya dilinə” uyğunluq prinsipi işləmir. Müstəqil olmaq – Rusiyanın “Z-filosofları” üçün artıq təhqirə bərabərdir. Azərbaycan isə müstəqil dövlətdir. Və bu, keçmiş metropoliyanın ən böyük “dəhşətidir”.
Z-kanalların “NATO filialı” ittihamları isə gülüncdür. Azərbaycan heç bir ölkənin filialı deyil – nə NATO-nun, nə Rusiyanın. Müstəqildir, bərabərhüquqlu tərəfdaşdır. Rusiya isə hələ də “itaətkar müttəfiq” modeli ilə yaşayır və başa düşə bilmir: Bakıya bu yanaşma keçmir.
2022-ci ildə imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” – Kremlə loyal koloniya yox, bərabər tərəfdaş lazım olduğunu göstərməliydi. Amma təbliğatçılar bunu anlamır. Ona görə də çarəsizlik içində sərhəddə pomidorları saxlayır, bazarlıq edirlər.
Ən ağrılısı isə budur: 38 insanın həyatı onları maraqlandırmır. Onları narahat edən tək məsələ – Azərbaycanın səsini necə boğmaqdır.
Z-təbliğatın mahiyyəti budur: Həqiqəti axtarmaq yox, itaəti tələb etmək.
Nəticə isə aydındır: İlham Əliyevin Ukraynaya verdiyi məsləhət bir xəbərdarlıq deyil – bir xatırlatmadır. Z-kanalların isterikası – təsadüfi deyil, qorxunun nəticəsidir. Həqiqət və ədalət tələb edən dünyada, Rusiya sadəcə “pomidor” və “Orexnik” dilinə müraciət edə bilir.
Amma əgər kimsə düşünürsə ki, Azərbaycan bu hürmələrdən qorxacaq – yanılır.
2020-ci il bunu sübut edib. Prezident Əliyevin hansı tribunadan danışdığını və o zaman Ermənistanın kimdən dəstək gözlədiyini hamı yaxşı xatırlayır.
Mənbə: https://minval.az/news/124476600
Natiq Səlim, KONKRET.az