İlon Maskın SENSASİON tvitinə SON ŞƏRHbackend

İlon Maskın SENSASİON tvitinə SON ŞƏRH

Ötənlərdə amerikalı mühəndis, milyarder İlon Mask dünyada nüvə müharibəsi riskinin artdığı ilə bağlı tvit paylaşıb.

KONKRET.az olaraq nüvə müharibəsi riski ilə bağlı siyasi ekspert Məhəmməd Əsədullazadənin fikirlərini öyrəndik. Politoloqun fikrincə, Ukrayna Krım körpüsünü vurduqdan sonra bu ölkənin Rusiya ilə savaşı yeni fazaya daxil olub:

“Bununla isə Kreml Kiyevə qarşı əlavə ballistik raketlərdən istifadə ilə genişmiqyaslı hücum əməliyyatına start verib. Rusiyanın Ukraynada məğlubiyyəti, ukraynalıların Xerson və Krımın işğaldan azad olunması istiqamətində əks hücumları Moskvanı aqressivləşdirir və bu, Rusiyanın taktiki nüvə silahına əl atması ilə nəticələnə bilər. Geostrateji maraqlar uğrunda Qərblə Rusiyanın savaşını qiymətləndirəndə yeni dünya nizamından söhbət gedir. Rusiya isə fövqəldövlət iddiasından geri çəkilmək fikrində deyil”.

Qərb isə Rusiyanı regional dövlət statusu ilə məhdudlaşdırmaq üçün sıxışdırır. Yəni, Kreml qlobal güc olmasın. Məhəmməd Əsədullazadənin də dediyi kimi Rusiya bununla barışmır:

“Və taktiki nüvə silahından istifadə təhdidilə bazarlıq üçün Qərbi danışıqlar masasına cəlb edə bilər. Düşünürəm ki, Qərb buna getməyəcək. Rusiya məğlub olarsa, Krımı itirərsə, kiçik nüvə silahlarından istifadə edə bilər. İlon Mask da, məhz bunu nəzərdə tutur”.

Haşiyəyə çıxaraq qeyd edim ki, taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Onlar geniş radioaktiv çirklənmə olmadan müəyyən hədəfləri məhv etmək üçün istifadə oluna bilər. Ən kiçik taktiki nüvə başlığının gücü trotil ekvivalenti ilə bir kilotona qədərdir (yəni partlayışın gücü min ton trotilin partlama gücündən çox deyil). ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var. Taktiki nüvə silahları hərbi münaqişədə heç vaxt istifadə olunmayıb.

Politoloqun fikrinə qayıtsaq, nüvə silahı bumeranq effekti verir. Yəni, Ukrayna da bu silahdan Rusiyaya qarşı istifadə edə bilər. Daha doğrusu, ABŞ, Böyük Britaniya və Avropa Birliyi ölkələri:

“Rusiyanın aqressiyası Putini bütün silahlardan istifadəyə məcbur edə bilər və Rusiya lideri beynəlxalq hüquq kimi qırmızı xətləri saymır. Ona görə də Qərbdə Kremlin nüvə silahından istifadə edəcəyi həyəcanı var”, – deyə siyasi ekspert cavabını bitirib.

Sonda əlavə edim ki, Rusiya Ukraynaya ikinci Çernobıl yaşatmaq istəsəydi, “Enerqodar” kimi AES-ləri çoxdan partladardı və bununla həm Ukrayna, həm də Avropanın şərqində həyat iflic olardı. Lakin həmin imkanlar olan ərəfədə Ukrayna cəbhədə o qədər də uğurlu deyildi və partizan döyüşləri intensivləşməmişdi. Kreml isə qısa zaman ərzində asan qələbəyə inanırdı. Sadəcə olaraq hazırda vəziyyət nisbətən Kiyevin xeyrinə dəyişib. Eqonun başlatdığı müharibədə ölümcül hikkələr yaranıb. Həm də Putin hökumətini nüvə silahından istifadə etməyə təhriklər də mövcuddur. Ona görə də İlon Maskın narahatçılığının əsaslı olduğu sezilir. Hadisələrin yekununu isə nə Bayden, nə də Putin, yenə də zaman göstərəcək.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*