“İndi Azərbaycan regionda öz şərtlərini diqtə edən tərəfdir” – Politoloqbackend

"İndi Azərbaycan regionda öz şərtlərini diqtə edən tərəfdir" - Politoloq

Dörd il əvvəl Azərbaycan 44 günlük müharibədə əldə etdiyi zəfərlə  Cənubi Qafqazda siyasi reallığı dəyişdi. Regionda söz sahibinə çevrilən ölkəmiz bütün platformalarda qalib tərəf kimi bu reallığı diktə etməyə başlayıb. Kapitulyasiya aktına imza atan Ermənistanın isə bu reallıqları qəbul etməkdən başqa çarəsi qalmayıb. Üzərinə götürdüyü öhdəliklərin bəzilərini  yerinə yetirməkdən boyun qaçıran  Ermənistan sülh şərtlərindən də yayınır. Amma hər nə olsa da, reallıq ortadır və Azərbaycan qalib dövlət kimi öz şərtlərini diktə edir. Azərbaycanın 44 gün ərzində qazandığı şanlı  qələbə tarixə qızıl hərflərlə yazılıb. Bəs ekspertlər tarixi zəfəri necə xarakterizə edir?

Politoloq Oqtay Qasımov KONKRET.az-a açıqlamasında bildirib ki, 4 ildə regionda ciddi  dəyişikliklər baş verib:

“İlk növbədə Azərbaycan özünün yaratdığı reallıqları daha çox qəbul etdirməyə başlayıb. Erməniləri dəstəkləyən qüvvələr də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini qəbul etməyə məcbur olublar. Azərbaycan 44 günlük müharibədə qazanılan zəfərdən sonra bölgədə əsas oyunçulardan birinə çevrilib.Azərbaycan regiondan kənar və regiondakı bəzi dövlətlərin proseslərə neqativ müdaxilələrinin qarşısını almağı bacarıb. İndi ölkəmiz öz maraqlarını təmin olunması üçün oyun qaydalarının qurulmasını təklif edən əsas tərəfdir. 4 il müddətində Azərbaycan işğaldan azad edilən ərazilərin bərpa edilməsi istiqamətində ciddi addımlar atıb. Artıq 30 minə yaxın soydaşımız Laçın, Zəngilan, Cəbrayıl, Füzuli,  Şuşa, Xocalı və digər bölgələrə qayıtmağa başlayıblar. Bölgədə infrastrukturun qurulması ciddi şəkildə həyata keçirilir”.

Daha sonra Qarabağdan separatizmin kökünü kəsilməsinə toxunan politoloq bildirib ki, bununla da Azərbaycan öz suvernliyini tam bərpa edib:

“Artıq Rusiya sülhməramlıları vaxtından əvvəl bölgəni tərk ediblər. Eyni zamanda Azərbaycan nəqliyyat dəhlizlərinin bu ərazilərdən keçən hissəsini sürətlə  bərpasını həyata keçirməkdədir. Bu baxımdan Azərbaycan qalib dövlət kimi öz maraqlarının təmin olunması istiqamətində siyasətini davam etdirir. Və arxada qalan müddətdə Azərbaycan özünün müdafiə qabiliyyətini daha çox artırıb. Orduda islahatlar aparılır. NATO standartlarına uyğun, Türkiyə ordusu modelində ordu qurulmaqdadır. Bu dörd il Azərbaycan tarixində çox ciddi hadisələrin baş verdiyi dövr kimi dəyərləndirilməlidir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*