Aqil Abbas: “Təşəbbüslə çıxış etməyim mümkündür, amma səsimi eşidib-eşitməyəcəklərini bilmirəm”backend

Aqil Abbas: "Təşəbbüslə çıxış etməyim mümkündür, amma səsimi eşidib-eşitməyəcəklərini bilmirəm"

Özbəkistanda uşqlarda vətənə məhəbbət və xalqın zəngin mədəni irsi ilə fəxarət hissini gücləndirmək üçün tarixi yerlərə, dövlət muzeylərinə və sərgiləri ziyarət pulsuz olacaq. Bununla bağlı artıq müvafiq qərar qəbul olunub. Bəs görəsən, Azərbaycanda da bu təşəbbüsün həyata keçirilməsi mümkündürmü? Bunun üçün hansı zəruri addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Aqil Abbas bu təşəbbüsün Azərbaycanda uzun illərdir həyata keçirildiyini açıqlayıb: “Özbəklər bu qərarı indi qəbul edib. Amma bizdə neçə illərdir məktəblilərin pulsuz olaraq tarixi yerlərimizi ziyarət etməsi üçün şərait yaradılır. Yəni orta məktəb şagirdləri müxtəlif tarixi yerləri ödənişsiz gəzə bilir. Bu, tam pulsuzdur və ekskursiyaların maliyyə xərcləri dövlətin hesabına ödənilir. Qubaya, İsmayıllıya və digər istirahət yerlərinə məktəbliləri aparıb gəzdirirlər. Amma muzeylərə də girişi pulsuz etsələr, daha yaxşı olar”.

Aqil Abbas - 70

Aqil Abbas orta məktəb şagirdlərinin muzeylərə ödənişsiz girişinin təmin edilməsi ilə bağlı təşəbbüs göstərməyə hazır olduğunu deyib: “Mənim bu təşəbbüslə çıxış etməyim mümkündür. Amma səsimi eşidib-eşitməyəcəklərini deyə bilmərəm. Bir-iki il bundan öncə mətbuatda məktəblilərin muzeylərə pulsuz girişinin təmin edilməsi ilə bağlı yazı da dərc etmişəm. Yanılmıramsa, məktəbliləri muzeylərə aparırdılar. Amma pul alıb-almadıqlarını dəqiq bilmirəm. Çünki bu məsələ ilə məşğul olmuram. Hər bir halda, qeyd etdiyimiz adət-ənənə Azərbaycanda mövcuddur. Muzeylərə də pulsuz buraxsalar daha yaxşı olar”.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, Azərbaycanda buna oxşar bir neçə aksiya həyata keçirilir: “Məsələn, Milli Muzeylər və ya bayramlar günü ölkədə bütün muzeylər, mədəniyyət ocaqları, bəzi hallarda hətta teatrlar da pulsuz olaraq məktəblilərin öhdəsinə buraxılır. Ümumiyyətlə, Azərbaycan vətəndaşları xaricilərlə müqayisədə istənilən mədəniyyət ocaqlarına 50 faiz ucuz qiymətə bilet ala bilirlər. Yaxud ekologiya ilə bağlı hansısa əlamətdar günlə əlaqədar qoruqların qapısı gənclər üçün açıq olur. Bildiyim qədərilə Prezidentin xüsusi tapşırığına əsasən Azərbaycanda dərslərində uğur qazanan məkrəblilər dövlətin ayırdığı xüsusi avtobuslarla müxtəlif rayonlara səyahətə aparılır. “Vətəni Tanı” aksiyası çərçivəsində həmin məktəblilərə ölkə üzrə pulsuz tur və istirahət təşkil olunur. Eyni zamanda ölkədə müxtəlif yay düşərgələri təşkil olunur və məktəblilər milli-mənəvi dəyərləri özündə ehtiva edən müxtəlif mədəniyyət ocaqlarına pulsuz aparılır.  Bu baxımdan Özbəkistanda indi gerçəkləşən proqramlar Azərbaycanda çoxdan mövcuddur”.

Bakirəlik kimi mənasız anlayışlar artıq öz aktuallığını itirib” - Aydın Xan Əbilov | KONKRET

Aydın Xan Əbilovun sözlərinə görə, bunun kütləvi xarakter alması, yəni bütün məktəblilər üçün edilməsi bir az mübahisəlidir: “Əgər ictimaiyyətin sosial-mədəni sifarişi olsa, inanıram ki, dövlət başçısı bunun kütləviləşməsinə icazə verər. Azərbaycanda olan teatrlar, muzeylər və digər mədəniyyət ocaqları bütün məktəblilərin üzünə açıq ola bilər. Bunu təbii ki, ilboyu etmək mümkün deyil. Ona görə də, insanlar ailə büdcəsi formalaşdırarkən bu cür xərclər üçün də müəyyən bir vəsait nəzərdə tutmalıdırlar. Bəli, mədəniyyət ocaqlarımız, kitabxanalarımız, muzeylərimiz büdcədən müəyyən dotasiyalar alır. Amma biz bu ocaqların da pul qazanmağının tərəfdarı olmalıyıq. Onların pul qazanması üçün isə insanlar ailə büdcəsinin bir hissəsini estetik və kulturoloji zövqün artırılmasına yönəltməlidir. Məsələn, Almaniyada il ərzində iki yüz milyon insan muzeylərə gedir və onların böyük əksəriyyəti də gənclərdir. Amma onlar heç vaxt bunun dövlət hesabına həyata keçirilməsini tələb etmirlər, əksinə özləri pul xərcləyirlər. Bu baxımdan Özbəkistan və Azərbaycan təcrübəsi ilə paralel olaraq digər variantlar da nəzərə alınmalıdır. İnsanlar isə ümumiyyətlə mədəniyyətə pul xərcləməyi bacarmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*