İran üçün saatlı bombada geri sayım başladı – CİDDİ ARQUMENTLƏRbackend

İran üçün saatlı bombada geri sayım başladı - CİDDİ ARQUMENTLƏR

Surxay Atakişiyev

Artıq bu bir reallıqdır ki, Ermənistanın siyasi gündəmini Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları müəyyən edir. Ona görə yox ki, Ermənistanda mövzu qıtlığı var. Xeyr, əsla! Ermənistanda onsuz da kifayət qədər danışmağa mövzu,həll etməyə problemlər var. Sadəcə İlham Əliyevin çıxışları artıq  region dövlətləri üçün bir çağırışdır, yeni reallıqların diqtəsidir. Ona görə də Ermənistan siyasi elitası Bakıdan səslənən hər bir fikrə diqqət kəsilir, ondan özləri üçün bir çıxarış etmək istəyirlər. Çünki tədricən Azərbaycan regionun lider dövlətinə, İlham Əliyev isə Qafqazın liderinə çevrilir.

Ona görə də təkcə Ermənistanda yox, Gürcüstanda və hətta da İranda da Azərbaycan prezidentinin çıxışları diqqətlə izlənilir.  Və bu gün prezident İlham Əliyev Azərbaycanın mədəniyyət beşiyi Şuşadan etdiyi çağırış yeni bir gündəm yaratdı. Yeni reallıqları göstərdi. Azərbaycan Prezidenti bəyan etdi ki, “Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy onların xalqları buna cavab versinlər”.

Bu fikirlər ümummüsəlman dünyasına ünvanlansa da, biz hesab edirik ki, bu ölkələrdən biri də bizim ən yaxın qonşumuz, din və məzhəb qardaşımız İran İslam Respublikasıdır. O İran ki, özünü islamın beşiyi sayır. Özünü İslam dəyərlərinin daşıyıcı sayan qonşu ölkə 40 ildir ki, islamın “düşmənləri” ilə “mübarizə aparır”. Amma neyləyək ki, hər iki məsələdə qonşularımız səhv mövqedən çıxış edirlər. Çünki 1500 ilə yaxındır ki, islamın beşiyinin hara olduğunu sivilizasiya yaxşı bilir.

İkincisi də, hamı bilir ki, İslamın “düşməni” təkcə Yerusəlimdəkilər deyil. Ona görə də İran dövlətinin özü üçün prioritetlər elan etdiyi hər iki məsələ ümumiislami maraqlardan yox, korporativ və konkret məqsədlərdən irəli gəlir.

Bəli, İsrailin yürütdüyü siyasətdə bir çox hallarda islam dəyərləri zərər görür. Lakin yəhudilər Qüdsdəki məscidləri donuz tövləsinə çevirmirlər. Ən azı tarixi abidə kimi qoruyub saxlayırlar. Amma ermənilər son 30 ildə işğal altında olan 60-a yaxın  məscidi dağıdıblar. Yarıuçuq vəziyyətdə qalan məscidləri isə dönuz tövləsinə çeviriblər. Özü də özünü islamı dəyərlərin qoruyucu sayan İranın gözləri qarşısında. Vaxtilə, yəni işğalın ilk illərində azərbaycanlılardan qalan tikililərin, o cümlədən məscidlərin, qəbir daşlarının sökülərək İrana daşınması haqqında mətbuatımız çox yazdı, çox dedi.

Lakin molla rejimi Azərbaycan həqiqətlərini eşitməzlikdən gəldi. Əksinə, son 30 ildə İran dövləti ermənilərə arxa durdu. Ən çətin anda İrəvanı iqtisadi blokadadan çıxardı. Bəs islami dəyərlərin qorunmasından danışan qonşularımız niyə erməni ilə dost və qardaş oldular? 200 ildən artıq müddətdə 30 milyondan artıq azərbaycanlı üçün ana dilində bir məktəb, bir universitet açmayan fars rejimi 5-10 min erməni üçün bütün hüquqları tanıdı. Hazırda İranda erməni məktəbləri fəaliyyət göstərir, ermənicə qəzet çap olunur. Bəs haqdan, ədalətdən və islami dəyərlərdən danışan İran niyə din və məzhəb qardaşları olan azərbaycanlılara niyə bu cür həssas yanaşmır? Ona görə də İranın həqiqi və səmimi islam dövləti olmasına heç kim inanmır. Bu gün heç bir islam dövlətinin İranla səmimi dostluq münasibəti yoxdur. Hələ ABŞ və Avropa dövlətlərini demirəm.

Belə bir deyim var: “Dostunu de, deyim sən kimsən”. Bu gün molla rejiminin dostu yoxdur. Ona görə də dünyada təklənib. Amma Azərbaycan dövləti və Azərbaycan xalqı İrana qarşı hər zaman səmimi olub. Heç zaman ikili oyun oynamayıb. Bu gün İranın Azərbaycandan ehtiyatlanma səbəbini bütün dünya bilir. Amma Azərbaycan dövlət səviyyəsində son 27 ildə İrana qarşı heç bir ərazi iddiası irəli sürməyib. Lakin iranlı din və məzhəb  qardaşlarımız mənfur fikirlərini heç zaman gizlətməyiblər. Azərabycanı yeri gəldilkcə öz əraziləri kimi təqdim ediblər. Eyni zamanda Azərbaycanın milli dəyərlərini öz adlarına çıxıblar.Tək bir faktı deyim. İranın sabiq prezidenti Əhmədinejat dövlət başçısı kimi səhv etmirəmsə iki dəfə Bakıya gəldi. İkisində də Gəncəyə gedib, böyük Nizaminin məzarını ziyarət etdi. Və sonra da utanmaz-utanmaz Nizamini fars şairi adlandırdı. Əslində bu bəyanat iki dövlət arasında ən azı diplomatik gərginlik üçün bu kifayət edirdi. Lakin Bakı böyüklük göstərdi, məsələnin üstündən sükutla keçdi.

İndi əziz fars qardaşlarımız siz deyin: ermənilərdən sizin nə fərqiniz var? Ermənilər də bizə qarşı tarixən torpaq iddiasında olublar, İran da. Ermənilər də hər zaman bizim milli-mənəvi dəyərlərimizi öz adlarına çıxıblar, Tehranda oturan rəsmilər də.

Sonra da mehriban qonşuluqdan danışırsınız. Bu gün İranın Azərbaycandan incikliyinin bir səbəbi də İsraillə olan normal münasibətlərimizidir. Amma cənublu qonşumuza xatırlatmaq istəyirəm, Azərbaycanın İsraildə diplomatik nümayəndəliyi yoxdur. Lakin İranın Ermənistanda səfirliyi də var, konsulluğu da. Əsinə baxsan Azərbaycanı İsrailə tərəf itəliyən elə İran rəsmiləri olub. 1991-ci ildə Azərabaycan müstəqilliyini qazananda İran buna qısqancıqla yanaşdı. Və hər vasitə ilə Ermənistanı üstümüzə qısqırtdı. 1992-ci ilin 7 mayda Azərbaycan və Ermənistan dövlət başçılarını İran rəsmiləri Tehrana dəvət etdilər. Guya Qarabağ məsələsində vasitəçilik edəcəkdilər. Gecə ilə Şuşa ermənilər tərəfindən işğal olundu. Lakin Tehran bunun hesabını ocağının başında oturan Ermənistan liderindən soruşmadı. Əksinə, Ermənistanla daha  sıx iqtisadi-siyasi əlaqələr qurdu. Son 30 ildə Tehranın təcavüzkar İrəvanın yanında durduğu gün kimi bütün dünyaya aydındır. Allahın bapbalaca Gürcüstanı 44 günlük müharibədə özünün yerüstü nəqliyyat və hava məkanını Ermənistanın üzünə bağladığı halda İran bunu etmədi. Əksinə, İrəvan üçün yeganə koridor oldu.

İndi sual edirəm: Kimdir islamın düşməninin yanında duran? İran, yoxsa Azərbaycan? Dağılan məscidlər, təhqir olunan ibadətgahlar Azərbaycanın maddi tarixi abidələridrsə, islamın da mənəvi dəyərləridir. Bəs 30 ildə Tehran niyə məhv edilən, dağıdılan məscidlər barədə heç olmasa bircə dəfə İrəvana bir söz demədi? Bir nota vermədi? Bu cür ikili münasibət özünü islamın qoruyucusu və daşıyıcısı adlandıran bir dövlətə yaraşmır axı. Məscid hər yerdə Allahın evidir, Azərbaycanda da, İranda da, Yerusəlimdə də. Amma biri haqqında danışıb, digəri haqqında susmaq nə qonşuluğa xoş gələr, nə də ki Allaha.

Qoy İran rejimi bir şeyi unutmasın. Şimali Azərbaycan İran üçün hər zaman saatlı bombadır. Son 30 ildə bu bombanı bir çox dövlətlər, o cümlədən İsrail partlatmaq istəyib. Lakin Bakı mehriban qonşuluğu hər zaman üstün tutub. Necə deyərlər, rəsmi Bakı heç zaman çörək yediyi qaba tüpürməyib, qonşunu xaincəsinə arxadan bıçaqlamayıb. Yeri gələndə ABŞ, Avropa ilə üz-üzə gəlib, lakin qonşunu ayağa verməyib. Amma son 30 ildə biz bunu rəsmi Tehrandan görməmişik.

Ona görə də artıq bıcaq sümüyə dirənib. İran konkret mövqe nümayiş etdirməlidir. Kimin yanında durduğunu sübut etməlidir. Özünü müqəddəs islamın qoruyucusu sayan İran ya islamın düşməni vandal Ermənistanın yanında durmalıdır, ya da din və məzhəb qardaşı Azərbaycanın.

Vaxt getdi. Saatlı bombada geri sayım başladı…

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*