ABŞ-ın İranda yerləşən və strateji əhəmiyyət daşıdığı bildirilən Qazma dağına mümkün zərbə endirməsi ehtimalı yenidən müzakirə mövzusuna çevrilib. Ekspertlər xəbərdarlıq edirlər ki, belə bir ssenari təkcə İran üçün deyil, bütün Yaxın Şərq regionu üçün ciddi təhlükələr yarada bilər.
Bəs Qazma dağı vurularsa, hansı nəticələr ortaya çıxacaq?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, sözügedən dağ nüvə infrastrukturu yerləşən əraziyə yaxın olduğundan, ona mümkün zərbə ağır nəticələrə səbəb ola bilər.

“Bu dağ nüvə obyektlərinin yerləşdiyi əraziyə yaxındır. Həmin istiqamətə endiriləcək hərbi zərbə böhranı daha da dərinləşdirə bilər. Belə bir hadisə İran daxilində ciddi çaxnaşma yaradacaq, eyni zamanda regionun təhlükəsizliyinə də mənfi təsir göstərəcək.
Məhz buna görə beynəlxalq ictimaiyyət ABŞ və onun müttəfiqlərini belə bir addımdan çəkinməyə çağırır. Çünki bu cür əməliyyatın qarşısı alınmasa, Yaxın Şərqdə genişmiqyaslı fəlakət yaşana bilər”, – deyə politoloq vurğulayıb.
Əmrəliyevin sözlərinə görə, ABŞ rəsmilərinin son açıqlamaları Vaşinqtonun İrana qarşı təzyiq siyasətini davam etdirmək niyyətində olduğunu göstərir.
“Hazırda tərəflər arasında gərginlik yüksək səviyyədə qalır. Diplomatik istiqamətdə ciddi irəliləyiş müşahidə olunmur. Bu səbəbdən yay aylarının sonlarına doğru ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı istisna deyil. İrana qarşı yeni zərbələrin endiriləcəyi ilə bağlı gözləntilər mövcuddur. Belə bir ssenari isə regionu daha ağır təhlükələrlə üz-üzə qoya bilər”, – deyə o, əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
