ABŞ-da əldə edilən razılaşmadan sonra Zəngəzur dəhlizi məsələsi Prezident İlham Əliyevin geosiyasi tarixi gedişlərindən biri kimi dəyərləndirilir. Bu təşəbbüs ilk başda təkcə regiondakı nəqliyyat xəritəsini dəyişmək deyil, eyni zamanda Laçın yoluna qarşı strateji balans yaratmaq məqsədini daşıyırdı. Ermənistan tərəfi uzun müddət düşünürdü ki, Azərbaycan Qarabağdakı hədəflərinə çatdıqdan sonra Zəngəzur dəhlizi gündəmdən çıxacaq. Lakin hadisələrin gedişi əksini sübut etdi. “Pacta sunt servanda” prinsipi – yəni bağlanan razılaşmaların icrası – Azərbaycanın mövqeyində dəyişməz olaraq qaldı.
Təxminən beş ilə yaxın müddətdə Ermənistanın prosesi yubatma cəhdlərinə, “Sülh kəsişməsi” kimi reallıqdan uzaq layihələrlə gündəmi dəyişdirməsinə baxmayaraq, Bakı ən mühüm strateji məqsədlərindən birinə – Zəngəzur dəhlizinin açılmasına nail olmaq üzrədir. Analitiklərin fikrincə, bu layihə “Tramp yolu” adlandırılsa da, hər kəs söhbətin məhz Zəngəzur dəhlizindən getdiyini anlayır. Azərbaycanın ilk gündən təkid etdiyi maneəsiz keçid prinsipini artıq reallaşır.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimov deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması kifayət qədər mürəkkəb mərhələlərdən keçməkdədir:
“Ermənistanın qərarsızlığı və daimi olaraq tətbiq etdiyi kiminsə “adamı” olmaq prinsipi regiona kənar güclərin müdaxiləsinə imkan yaradır. 8 noyabr 2020-ci il atəşkəs razılaşmasında Zəngəzur dəhlizinin hüquqi statusu və missiyası ilə bağlı bənd yer alır. Lakin Ermənistan ötən müddət ərzində çalışdı ki, dəhliz anlayışını gündəlikdən çıxarsın və yalnız Naxçıvanla əlaqə yarada biləcək yol məsələsini reallaşdırsın. Bu ziddiyyətlər sülh müqaviləsinin şərtlərindən Zəngəzur dəhlizi məsələsinin çıxarılması ilə nəticələndi. Artıq bu mövzu ayrıca müzakirələrin predmetinə çevrildi. Belə olduğu halda, 17 bəndlik sülh müqaviləsinin mətni tərəflər arasında razılaşdırıldı.
Ermənistan bundan sonra sülh müqaviləsinin imzalanacağını, Zəngəzur dəhlizi məsələsini istədiyi kimi həll edəcəyini və Azərbaycanın maraqlarının nəzərə alınmayacağını düşünürdü. Lakin göründüyü kimi, Zəngəzur dəhlizi nəinki Azərbaycanın, hətta regional və qlobal güclərin maraq dairəsindədir. Onun uğrunda kifayət qədər diplomatik mübarizə gedir. Elə bir vəziyyət yaranır ki, artıq Ermənistan Zəngəzur üzərində malik ola biləcəyi bütün statusları da əldən verir”.
Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinin necə adlandırılmasından asılı olmayaraq, Azərbaycan üçün əsas dövlət maraqlarının nəzərə alınmasıdır:
“Belə ki, Azərbaycan bu dəhliz vasitəsilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etmək istəyir. Bu isə ölkəmizə xüsusi statusun verilməsi deməkdir. Vaşinqton görüşündə də rəsmi Bakının istəklərinin nəzərə alındığı aydın şəkildə görünür. Hadisələrin təhlili göstərir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində hədəflərinə kifayət qədər yaxındır. Ermənistan isə oynadığı qeyri-səmimi oyunlar sayəsində dəhliz üzərində olan əsas hüquqlarını da itirməkdədir”.