“Bu gecə səhər saatlarınadək cəbhə boyu ordumuzun aktiv fəaliyyəti müşahidə olunub. Düşmənə ağır zərbələr endirilib, bəzi istiqamətlərdə hücumlar olub, bəzi istiqamətlərdə isə düşmənin əks-hücumlarının qarşısı alınıb. Düşmənin çoxsaylı texnikası və canlı qüvvəsi sıradan çıxarılıb.
KONKRET.az xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.
Jurnalist cəbhə bölgəsindəki son duruma diqqət çəkib:
“Bir çox ekspert hesab edirdi ki, Azərbaycan ordusu daha çox Qarabağ savaşının cənubunda aktiv olacaq, əsas səylər orada nümayiş etdiriləcək. Belə deyil. Cənubda məqsəd bir qədər əvvəl düşməndən azad edilmiş Cəbrayıl rayonuna aparan yolun qərb cinahının təmin edilməsidir. Hazırda əsas zərbələr eyni vaxtda cənubda – Füzuli və Xocavəndlə yanaşı, Ağdərədə endirilir. Məqsəd erməni qüvvələrini gücdən salmaq, maksimum zəiflətməkdir”.
Elçin Alıoğlu qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son 9 gündə artıq 3-cü dəfə səfərbərlik elan etməsi, düşmənin savaş üçün insan qüvvəsi ilə bağlı durumunun kritik həddə çatdığını aşkar göstərir:
“Ermənistan Müdafiə Nazirliyinin ritorikası da dəyişib. Əgər ötən günlərdə Şuşan Stepanyan “düşmən darmadağın edilir, silahlı qüvvələr əks-hücuma keçir” deyirdisə, indi “qoşunların müəyyən yerdəyişmələri heç nəyi həll etmir” söyləyir. Ümumiyyətlə, artıq təbliğat ermənilərin ən zəif yeridir. Məsələn, “onlarla düşmən tankı vurmuş” və ya “Azərbaycanın bir neçə təyyarəsini vurmuş” hansısa hambarsumların mükafatlandırılması artıq Ermənistanın özündə belə, lağlağı, sarkazm obyektinə çevrilir.
Ermənilərin yaşayış məntəqələrini uzaqvuran artilleriya və raket qurğuları ilə atəşə tutmaları hər şeyi açıq göstərir. Yəni fakt budur ki, belə barbar və vəhşi qərarlar qəbul edən Ermənistanın cəbhədə durumu kritikdir, ağırdır və məhz bu səbəbdən İrəvan təşvişdən dinc əhalini hədəfə alır. Eyni zamanda, Ermənistanın məqsədi bu minvalla münaqişəni daha yeni səviyyəyə qaldırmaq, Azərbaycanı Ermənistan ərazilərini vurmağa vadar etmək, sonra da Rusiya, ABŞ və Avropa Birliyini münaqişəyə bilavasitə cəlb etməkdir.
Ermənistanın diplomatik dəstəkdən tutmuş, iqtisadi yardımlaradək bütün sahələrdə fövqəladə, təxirəsalınmaz və təcili köməyə ehtiyacı var. Ermənilər buna nail olmaq üçün bütün vasitələrə əl atırlar”.