Yaxın vaxtlarda Azərbaycanda işçilər əməkhaqlarını yalnız iş yerinin müəyyən etdiyi deyil, özlərinin seçəcəkləri bankdan ala biləcəklər. Bəs, bu mexanizmin tətbiqi ilə maaşların ödənişində texniki gecikmələr və ya əlavə risklər yarana bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, yeni mexanizmin tətbiqi əməkhaqlarının ödənişində hər hansı texniki problem və ya əlavə risk yaratmayacaq:
“AMB ödəniş sistemi vasitəsilə həyata keçiriləcək. Mərkəzi Bank uzun müddətdir ki, bu istiqamətdə texniki işlər aparır, sistem test rejimində yoxlanılır. Bankların da bu texnologiyalara uyğunlaşması üçün müəyyən vaxt verilib. Hazır olan banklar sistemə qoşulacaq. Ona görə də maaş ödənişlərində gecikmə və ya risk gözlənilmir. Hər hansı problem ortaya çıxsa belə, dərhal həll ediləcək və vətəndaşlara ziyan dəyməyəcək”.
Ekspert əlavə edib ki, ilkin mərhələdə bəzi texniki uyğunlaşmalar müşahidə olunsa da, Mərkəzi Bank artıq 1 ilə yaxındır ki, layihə üzərində ciddi şəkildə işləyir və testlər aparır.
“Yeni sistemin tətbiqi ilə işçilər əməkhaqlarını daha rahat və sərbəst şəkildə istədikləri bank vasitəsilə ala biləcəklər”.
Aynurə İsmayıl
KONKRET.az