İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, ölkəsi “Hizbullah” tərəfindən təhlükə aradan qalxmayana qədər Livanın cənubundakı təhlükəsizlik zonasından qoşunlarını çıxarmağı planlaşdırmır.
KONKRET.az xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Trampın İsrailin bölgədən çıxacağı ilə bağlı ehtimallarını cavablandırarkən açıqlama verib.
Nazirin sözlərinə görə, İsrail Livana daxil olanda heç kəsdən icazə istəməyib və həmin ərazidə qalmaq üçün də razılığına ehtiyac duymur.
Katz qeyd edib ki, İsrailin əsas məqsədi Qalileya bölgəsinin sakinlərini və ölkə vətəndaşlarını İsraili məhv etməyə çalışan “Hizbullah”ın təhdidlərindən qorumaqdır.
Nazir əlavə edib ki, İsrail ordusu Aralıq dənizi sahilindən başlayaraq, şərqdə Hermon dağına qədər uzanan təxminən 620 kvadrat kilometrlik ərazidə təhlükəsizlik zonası yaradıb. Onun sözlərinə görə, bu ərazi mülki şəxslərdən təmizlənib və burada yerüstü, eləcə də yeraltı terror infrastrukturu məhv edilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
