İsrailə gücü çatmayan İran Azərbaycanı hədəf aldı: “Qüds” qüvvələri “Sünik” qüvvələri olacaq?backend

İsrailə gücü çatmayan İran Azərbaycanı hədəf aldı: “QüdsqüvvələriSünikqüvvələri olacaq?

İranda SEPAH-ın sadəcə silahlı qüvvələr deyil, bütün qurumların fövqündə olan qurum, dövlət içində dövlət olmasını, çox zaman leqal dövlət qurumlarını əvəz etdiyini deməyə xüsusi ehtiyac yoxdur. Həmin SEPAH-ın xüsusi “Qüds” qüvvələri var. Adı üstündə-guya nə zamansa qeyrətə gəlib gedib Qüdsü azad edəcək elit hissələrdir. Xaricdə yaradılan proksi qüvvələr-“Fatimiyyun”, “Zeynəbiyyun”, “Hüseyniyyun” və s. də bu korpus vasitəsilə idarə olunur. Xaricdə bu qədər adam ona görə vəkalətçi (proksi) terror qruplaşmalarına qoşulub ki, onlar korpusun ali məqsədinin “müqəddəs Fələstin torpaqları uğrunda “döyüşmək” olduğuna inanmışdılar.

Azərbaycanlı tələbələrdən, guya İraq və Suriyadakı şiə müqəddəs məkanlarını qorumaq üçün təşkil edilmiş “Hüseyniyyun”un da birbaşa “Qüds”, onun, qətli müəmmalı generalı Qasim Süleymani tərəfindən yaradılması da sirr deyil. Amma onlar Qüds naminə deyil, başqa məqsədlər üçün istifadə edildilər. Terror qruplaşmasının eni uzununu basan lider qırığı Tohid İbarahimlinin “Qasim Süleymani bizə xeyir-dua verdi, dedi gələcəkdə Azərbaycanda bizə lazım olacaqsız” məzmununda etirafları yer alan müsahibələri İran KİV-lərində indi də durur. Bəs Suriyada Əsəd (İran) tərəfdə nə qədər keçmiş vətəndaşımız döyüşüb –təxminən 300 nəfərdən çox.

Bu günlər SEPAH-ın mediası yenə də səhərdən axşamacan Azərbaycana çirkab axıtmaqda davam edir, az qala İsrail- HƏMAS çəkişməsində savaş tərəfi elan edilirik. Üstəlik, əvvəllər gizlin idisə, bu ilin əvvəllərində isə açıq şəkildə “Hüseyniyyun” öz media qanadını yaratdığını elan edib, bir neçə dəfə azərbaycandilli proksi KİV-lərin toplanıtlarını keçirib. Sosial çarxlar, filmlər, broşürlər, kliplər, YouTube, teleqram kanalları vasitəsilə Azərbaycan xalqı arasında “sionizmim təbliğinin” qarşısını almaq, Azərbaycan tarixini “pantürkist təhrifdən” qorumaq və s. kimi “ülvi” məqsədləri olduğunu da bəyan ediblər. Onlara ayrılacaq vəsaitin miqdarını artırmaq üçünsə Azərbaycan əhalisinin “90 faizi İrana nifrət edir” deyirdilər. Yəni pulu çox verin ki, ictimai rəyi dəyişə bilək.

İndi İran KİV-ləri ilə yanaşı proksiləri, yandaşları da xeyli fəaldır, Azərbaycan –İsrail əlaqələrini korlamaq üçün mümkün olan hər cür yalana gedirlər. Məsələn, İranın yarı-rəsmi “Mehr” agentliyində dərc olunmuş “Azərbaycan İsraili niyə dəstəkləyir?” sərlövhəli məqalədə Azərbaycan mediasının Qəzza ilə bağlı xəbərlərində İsraili “təcavüzkar tərəf” kimi göstərmədiyinə diqqət çəkilərək, iddia edilib ki, “Azərbaycan hökuməti hər zaman işğalçı rejimi dəstəkləyib. Əslində, ötən həftə Azərbaycan fələstinli qruplar tərəfindən həyata keçirilən “Əl-Əqsa tufanı” əməliyyatını pisləyib və İsrailə dəstək verdiyini bəyan edib”.

İranın demək olar ki, bütün aparıcı KİV-ləri “Bakı nefti Qəzza uşaqlarının qatilidir” başlığı ilə video paylaşaraq İsrailin müharibə cinayəti törətdiyini və Azərbaycanın bu ölkəyə dəstək verdiyini iddia edib. İsrailin hərbi maşınlarının yanacağının Azərbaycan tərəfindən təmin olunduğunu iddia edən İran KİV-ləri Qəzzada həlak olanlara görə Azərbaycanın məsuliyyət daşıdığını bildirir. Prezident İlham Əliyevlə İsrail rəsmiləri arasında görüşlərin fotolarını əks etdirən videomaterialda Azərbaycan rəsmilərinə qarşı ittihamlar yer alıb. Videoda deyilir: “Azərbaycan Respublikası təkcə 2021-ci ildə sionist rejimin neft ehtiyacının 60 faizindən çoxunu təmin edib. İsrail milyonlarla dollarlıq neft və enerji ixracatı müqabilində Bakıya böyük miqdarda silah göndərir”.

Bu KİV-lərin fəaliyyət məkanları və auditoriyaları da yalnız İran deyil…

İranın ərəb dünyasında məzlum tərəfdarı, ərəblərin hamisi olması haqda rəyin güclənmısinə səbəb olan “Hizbullah” da hələ hadisələrə qarışmaq istəmir. Livanın ən çoxsaylı icmasının –şiələrin eyni zamanda həm əsas siyasi təşkilatı, həm də döyüş qanadı funksiyasını yerinə yetirən “Hizabulah”ın seçkiqabağı şüarlarından biri belədir- “ya Quds, nəhnu zahibun” (ey Qüds, biz gəlirik) . Həmişə digər ərəb və müsəlman dövlətlərini lazımi məqamda həmrəylik nümayiş etdirməməkdə birgə zərbə endirməməkdə qınayıb SEPAH və “Hizbullah”, bəs indi nə baş verir? Savaş başlayandan sonra “Hizbullah” lideri Həsən Nəsrullah KİV-lərdə də görünməz olub.

“Hizbullah”ın “Əl-Mənar” kanalı oktyabrın 23-də onun hansısa livanlı siyasətçi ilə telefon danışığı haqda qısa süjet verib. Livan xarici işlər naziri Abdullah Əbu Həbib beynəlxalq KİV-lərə açıqlmamsında deyib ki, Nəsrullah savaşa qoşulmaq istəmir

“Hizbullah”ın parlament fraksiyasının üzvü Həsən Fəzlullah təşkilatın aparıcı kanallarındna olan “Əl Məyadin”ə açıqlamasında deyib ki, Nəsrullah hadisələri diqqətlə izləyir, LAZIM gəlsə müdaxilə edəcək. Belə sükuta haqq qazandırmaq üçün mediaya onun səhhətində problemlər olması haqda da şayiələr sızdırlıb.

Amma “Hizbullah”ın nəzarətində olan KİV-lər sərhəddə İsraillə kiçikmiqyaslı toqquşmaları xüsusi təqdim edirlər. İran və vəkalətçisinin susqunluğu Britaniya nəşrlərinin də diqqətini çəkir. “The Guardian” qeyd edir ki, İran və “Hizbullah” savaşın qızışmasını istəmir. Məqalə müəllifinə görə, HƏMAS bunu bildiyindən, özünü Fələstin xalqının yeganə təmsilçisi kimi təsdiqləmək istəyir.

Bir məşhur Azərbaycan lətifəsi var: “Yaraqlı, bığıburma kişi şəhərdə alverini edib axşamtərəfi kəndinə qayıdanda meşədə quldurlar qabağını kəsib bütün mal-dövlətini qarət edirlər, növbə üstündəki xəncəri çıxarmağa gələndə qəzəblənir: Ona toxunmayın, dar günün yarağıdır. Deyirlər, a bədbəxt, sənin bundan da betər dar günün olacaq, niyə bizə qarşı istifadə etmədin?” (Bu lətifənin bir az tünd boyalarla nəql edilən versiyaları da var).

İndiyədək o elitar “Qüds” qüvvələrinin və nəzarət etdiyi proksilərin ümumən Fələstin naminə bircə güllə atdığını xatırlayan varmı? Yoxdur belə fakt. Bəs “dar günün yarağı” olan o korpus nə üçün lazımdır? Funksiyası yalnız Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün bizə qarşı guruldamaqdan ibarətdirsə, “dar günün yarağı”nın adını dəyişib “Sünik qüvvələri” etmək, ardıcıllarının da özlərinə “Əli aşiqi” deməsinə son qoyub “Erməni aşiqi” demələri məntiqli olmazdımı?

Yeri gəlmişkən, bu günlər Azərbaycandakı İran proksilərinin siyasi qanadının – Azərbaycan İslam Partiyasının canlandırılmasına da təşəbbüslər var. İranın “Tasnim” Agentliyi AİP sədri kimi təqdim olunan Mövsüm Səmədovun bəyanatını yayıb. Bəyanat Azərbaycanda yayılmadığından, onun sırf İran və ərəb auditoriyası üçün hazırlandığı şübhə doğurmur. Bəyanatda M. Səmədov İran təbliğat maşının bütün anti-Azərbaycan və anti-İsrail tezislərini təkrarlayır. Azərbaycana İsrail silahı satılmasını qınayır, amma deyir ki, “Qarabağ İranın köməyilə” azad edilib. Yada salaq ki, partiya 1995-ci ildə yasaq edilib. Qanunvericilik dini və etnik prinsiplərlə partiya qurulmasına yol vermir, M.Səmədovun bu adda partiyaya istinad etməsi, üstəlik, fəaliyyəti yasaq olunmuş partiyanın adından başqa ölkənin mediasında dini ayrı-seçkilik vurğusu edən çıxış etməsi hüquqi məsuliyyət yaradır. Bir müddət əvvəl isə “Hüseyniyyun”un lider qırığı Azərbaycanın bəhai icmasını hədəfə gətirən çağırışlar etmişdi. “Dar günün yaraqları”nın ölkəmizə sızmasının, ictimai rəyi dövlətimizin və vətəndaşlarımızın əleyhinə yönəltməsinin qarşısı, yəqin ki, alınacaq…

Cəmaləddin Quliyev, siyasi ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*