Bir çoxları saxta kirayə ev elanlarının qurbanı olur. Bu barədə Daxili İşlər Nazirliyi də məlumat yayıb. Nazirlik bu kimi hallarla qarşılaşmamaq üçün çox diqqətli olmağa çağırış edib.
DİN vətəndaşları ucuz kirayə təkliflərindən uzaq qaçmağa çağırıb.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, kirayə mənzillərin daha çox elan saytları vasitəsi ilə təklif edilməsi sözügedən fırıldaqçılıq hallarını daha da artırıb:
“Kirayə bazarı saytlar vasitəsi ilə daha da populyarlaşıb. Bu saytlarlardan həm realtorlar, həm də sıravi vətəndaşlar istifadə edirlər. Amma hüquq-mühafizə orqanları vətəndaşlara dəfələrlə xəbərdarlıq edib ki, elan saytlarında müxtəlif adlar altında ev, maşın, torpaq satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşlardan qısa müddətdə beh göndərilməsini tələb edilir. Buna qəti şəkildə yol vermək olmaz!”
Ekspert kirayə ev axtaran şəxslərə bir sıra tövsiyələr verib:
“Təəssüflər ki, yerli saytlar xarici elan saytları kimi təqdim olunan elanla bağlı məsuliyyət daşımır. Ona görə də, yerli saytlardan əgər əmlak kirayələnirsə, həmin evə mütləq şəkildə baxış keçirməli və evin sahibi ilə əlaqə yaradılmalıdır. Yalnız bundan sonra ödənişi həyata keçirməlidir. Əks halda, fırıldaqçıların toruna düşmək ehtimalı yüksəkdir.
Kirayə ilə bağlı müraciət edənlər ev sahibləri ilə bütün münasibətlərini və sövdələşmələrini hüquqi çərçivədə etməlidir. Yalnız müqavilə bağladıqdan sonra ödənişləri həyata keçirməlidir”.