Bakı bizim hamımızın şəhəridir. Bu gün bütün bölgələrdən paytaxta axın çoxalıb, kimisi iş, kimisi də təhsil və digər səbəblərdən Bakıya üz tutur. Təbii ki, sevimli şəhərimizin təmizliyini qorumaq, onun gözəlliyinin qayğısına qalmaq aidiyyatı dövlət qurumları ilə yanaşı, bizim də üzərimizə düşür. Təəssüflər olsun ki, bəzən pulu və şəxsi mənafeyi hər şeydən üstün tutan “işbazlar” paytaxtın insan axını gur olan, yaxud hərəkət intensivliyi müşahidə edilən ərazilərdə kiçik köşklər quraşdıraraq, həm Bakının estetik gözəlliyini korlayırlar, həm də insanların hərəkətinə, rahatlığına mane olurlar.
Elə “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən səyyar köşk və qarğıdalı aparatı da buna misal ola bilər. Belə ki, bir ildən çoxdur həmin əraziyə atılan “butka” səkini tutaraq insanların rahat gediş-gəlişinə maneə yaradırdı. Həmçinin toz-torpaq içində olması və baxımsız görünüşü ilə şəhərin estetik görünüşünü pozurdu.
Ancaq KONKRET.az saytı məsələni ictimailəşdirdikdən sonra problem öz həllini tapıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti məsələyə operativ reaksiya göstərib. Artıq sözügedən köşk ərazidən yığışdırılıb, qarğıdalı aparatı isə kənara qoyulub və yəqin ki, onun da ərazidən götürülməsi yaxın zamanlarda təmin olunacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az