Rusiya neft sektoru üçün növbəti gecə olduqca gərgin və itkilərlə müşayiət olunub. Ukrayna Müdafiə Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Rusiyanın strateji neft emalı zavodları və logistik mərkəzləri ciddi zərər görüb.
KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəflərindən biri Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijeqorodorqsintez” neft emalı zavodu olub. Hücum zamanı zavodun ən kritik infrastrukturlarından sayılan və neftin ilkin emalını həyata keçirən “AVT-6” qurğusu dəqiqliklə vurulub. Partlayışın ardınca müəssisənin ərazisində güclü yanğın başlayıb və istehsalat prosesi iflic olub.
Eyni vaxtda digər bir strateji nöqtə – “Yaroslavl-3” neftvurma stansiyası da hədəf alınıb. Hücum nəticəsində stansiyanın ümumi tutumu 140 min kubmetr olan dörd böyük neft rezervuarı zədələnib.
Bundan əlavə, Ukrayna hərbçiləri cəbhə xəttindən daxildə yerləşən Rusiya ordusuna məxsus bir neçə komanda-idarəetmə məntəqəsini, pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə mərkəzlərini, böyük bir sursat anbarını və canlı qüvvənin cəmləşdiyi xüsusi məntəqələri də darmadağın edib. Müdafiə Qüvvələri bu zərbələrlə Rusiyanın hərbi logistikasına və yanacaq təminatına ağır zərbə vurduqlarını bəyan ediblər.
