Maşının salonunu “bəzəyən” sürücülərin diqqətinə — Cərimələnə bilərsinizbackend

Maşının salonunu "bəzəyən" sürücülərin diqqətinə — Cərimələnə bilərsiniz

Sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, sürücü idarə etdiyi avtomobilin salonunu müxtəlif oyuncaqlarla bəzədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Görüntülərdə nəqliyyat vasitəsinin ön paneli və daxili hissələrinin çoxsaylı dekorativ əşyalarla örtüldüyü əks olunur. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər arasında bunun qanun pozuntusu olub-olmaması ilə bağlı fərqli fikirlər səsləndirilir.

KONKRET.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununda və həmin qanuna əlavə edilmiş 1 və 2 saylı əlavələrdə bu məsələ açıq şəkildə göstərilib:

“Qanuna görə, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edilmədiyi, yəni avtomobil zavod istehsalı formasında saxlanıldığı halda, onun daxilində müəyyən əşyaların yerləşdirilməsi, yapışdırılması və ya asılması birbaşa qanun pozuntusu hesab edilmir. Lakin burada çox vacib bir məqam var. Nəqliyyat vasitəsinin içərisində yerləşdirilən istənilən element istər oyuncaq olsun, istər heyvan, istərsə də başqa hər hansı əşya  sürücünün diqqətini yayındırmamalıdır. Bu məsələ birbaşa sürücü və yol hərəkəti təhlükəsizliyi ilə bağlıdır. Yol hərəkətinin təşkilində əsas prioritet sürücünün diqqətinin tam şəkildə yola yönəlməsidir”.

O bildirib ki, həmin əşyalar sürücünün görünüş sahəsini məhdudlaşdırmamalıdır:

“Məsələn, avtomobilin ön və ya arxa şüşəsinə, yan güzgülərin qarşısına elə bir əşya və ya yapışqan yerləşdirilə bilər ki, bu, sürücünün yolu və ya arxa hərəkəti düzgün görməsinə mane olsun. Belə hallar isə qəza riskini ciddi şəkildə artırır. Arxa hərəkət zamanı sürücünün maneəni görməməsi təhlükəli nəticələrə səbəb ola bilər. Bu baxımdan, problem ümumilikdə sürücünün diqqətinin yayınması və görünüşün məhdudlaşdırılması ilə bağlıdır. Məhz bu risklərin aradan qaldırılması üçün düzgün yanaşma və çıxış yolları tapılmalıdır. İlk növbədə, təhlükəsizliyə təsir edən bu cür problemlər həll edilməli, yalnız bundan sonra digər məsələlər müzakirə oluna bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*