Bir ailənin faciəsi: Mətbəximizdəki görünməyən təhlükələr — AÇIQLAMAbackend

Bir ailənin faciəsi: Mətbəximizdəki görünməyən təhlükələr — AÇIQLAMA

Son günlər bir ailənin 4 üzvünün qidadan zəhərlənməsi və 11 yaşlı uşağın həyatını itirməsi ilə bağlı xəbər narahatlıq yaradıb. Hadisə qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirərək belə halların nə qədər yayğın olduğu sualını doğurur.

KONKRET.az xəbər verir ki, qida eksperti Fərid Səfərov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür xəbərlər cəmiyyətdə haqlı narahatlıq yaradır və qida zəhərlənməsi bütün dünyada rast gəlinən mühüm ictimai sağlamlıq problemidir.

“Əksər hallarda yüngül keçsə də, uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olan şəxslər üçün ağırlaşma riski yaradır. Qida zəhərlənmələrinin əsas səbəbləri bakterial çirklənmə, çiy və ya az bişmiş ət, çiy süd və yumurta, yaxşı yuyulmayan tərəvəzlər, otaq temperaturunda saxlanılan yeməklər, ev konservləri, soyuq zəncirin qırılması, gigiyena qaydalarına əməl olunmaması və vaxtı keçmiş məhsullardır. Ailəvi zəhərlənmələr adətən eyni qidanın istifadəsi nəticəsində baş verir,” – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, ictimai sağlamlıq sistemi qida təhlükəsizliyinə nəzarət edir, obyektlərdə yoxlamalar aparır, laborator analizlər həyata keçirir və yararsız məhsulları dövriyyədən çıxarır:

“Zəhərlənmə hallarında mənbə müəyyənləşdirilir, maarifləndirmə tədbirləri görülür və qayda pozuntularına qarşı hüquqi addımlar atılır. Belə halların qarşısının alınması həm dövlət nəzarəti, həm də fərdi məsuliyyət tələb edir. Qida təhlükəsizliyi hər bir ailənin gündəlik davranışları ilə birbaşa bağlıdır”.

Qeyd edək ki, Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. Qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri – bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib. Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb.Xəstəxanadan bildirildiyinə görə, yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.İlkin məlumata görə, ailənin zəhərlənməsinin səbəbinin konservləşdirilmiş tərəvəz məhsulu olduğu ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*