Ramiz Mehdiyev vəkilləri vasitəsilə hələ ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apelyasiya şikayəti verib. Bu addım uzun illər ölkənin siyasi sistemində mühüm rol oynamış keçmiş administrasiya rəhbərinin öz müdafiəsini aktiv şəkildə qurmağa başladığını göstərir. Mehdiyevin belə davranışı həm onun şəxsi mövqeyini qorumaq cəhdi, həm də ətrafındakı komandasına “hələ oyundan kənar deyiləm” mesajı kimi qiymətləndirilir. Siyasi müşahidəçilərin fikrincə, bu, həm də Mehdiyev erasında formalaşmış sistemin son dirənişinin təzahürüdür.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Mehdiyevin bu addımı gözlənilən idi:
“Çünki apelyasiya şikayəti verməsəydi, bu, ittihamları qəbul etməsi kimi qiymətləndiriləcəkdi. Qərar qəbul edildikdən sonra onun davranışları, məsələn, jurnalistlərin suallarına cavab verməməsi, telefonları qapatması göstərirdi ki, müəyyən addımlar atacaq. Mehdiyev və onun komandası ittihamları qəbul etmir, əksinə, müqavimət göstərir.”
Abbaslının sözlərinə görə, Mehdiyevin təsir dairəsi hələ də tam aradan qaldırılmayıb:
“Onun təhlükəsizlik şurasından uzaqlaşdırılması barədə qərar verilsə də, görünür, Mehdiyevin əlaltıları hələ də qalmaqdadır. O, 24 il Prezident Administrasiyasına rəhbərlik edib və bu dövrdə hər bir orqanda, yüksək postlarda təmsilçiləri formalaşıb. Onların hamısını birdən-birə sistemdən çıxarmaq mümkün deyil. Bu proses uzun zaman aparacaq.”
Siyasi şərhçi hesab edir ki, Mehdiyevin apelyasiya müraciəti həm də siyasi mesaj xarakteri daşıyır:
“Bu, onun son dirənişidir. Mehdiyev erası faktiki olaraq başa çatıb, sadəcə o, görüntü yaratmağa və komandasına ruh verməyə çalışır. “Mən hələ buradayam, sona qədər dirəniş göstərəcəyəm” mesajını verir. Lakin bu müqavimətin ömrü uzun olmayacaq.”
Abbaslı əlavə edib ki, Mehdiyevin illərlə Rusiyaya bağlılığı ilə bağlı səslənən fikirlər indi istintaq materiallarında təsdiqini tapmaq üzrədir və artıq bu proses heç kimi təəccübləndirmir:
“Köhnə elitanın erası bitmək üzrədir. Yalnız bir neçə sima qalıb ki, onlar da artıq yola salınma mərhələsindədir.”
Müşviq Tofiqoğlu
KONKRET.az