
KONKRET.az–ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 2019-cu ilin doqquz ayında Özbəkistanın xarici borcu 21,5 milyard dollar, ilin əvvəlindən 4,2 milyard və ya 24% artım təşkil edib. Bu barədə ölkənin Mərkəzi Bankının hesabatında deyilir.
Xarici borcun ümumi həcmində 13,8 milyard dollar dövlətin, 7,7 milyard dollar özəl sektorun payına düşür. Mərkəzi Bank borc artımını kəskin adlandırıb və bu artım tendensiyasının ilin sonuna qədər davam edəcəyini bəyan edib. Tənzimləyici bu proses iqtisadi sektorların və bölgələrin inkişafı üçün dövlət proqramlarını maliyyələşdirmək üçün yeni xarici borcların cəlb edilməsi ilə izah edilir.
Özəl sektorda borcun əsas hissəsi neft-qaz və energetika (64%), banklar (23%), telekommunikasiya (3%) və toxuculuq sənayesinin payına düşür. Mərkəzi Bank qeyd edib ki, 2019-cu ildə özəl borclanma həcmi əsasən bank sektoru hesabına artıb.
Noyabr ayında nəşr olunan büdcə layihəsində Maliyyə Nazirliyi, 2020-ci ilin əvvəlinə qədər Özbəkistanın xarici borcunun 21,3 milyard dollara (ÜDM-in 36%) çatacağını, hökumət borcunun payının isə 15,3 milyard dollar olacağını proqnozlaşdırdı.
Dekabr ayında Özbəkistan Prezidenti 2020-ci il üçün büdcəni təsdiqləyib, xarici borc götürmə həddini təyin edib. Hökumətin zəmanəti ilə kredit cəlb etmək üçün yeni imzalanan müqavilələrin ümumi məbləği 4 milyard dolları keçməməlidir. Məqsədli proqramların icrası üçün verilən kreditlər 1,5 milyard dollar ilə məhdudlaşır.