Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, BOKT-ların verdiyi gündəlik kredit aşağıdakı tələblərə cavab verməlidir:
– milli valyutada verilir;
– borcalana birdəfəlik verilmiş kreditin maksimum məbləği 500 (beş yüz) manatdır;
– gündəlik faiz dərəcəsi maksimum 0,3%-dir;
– qaytarılma müddəti maksimum 45 gündür;
– gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;
– kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır;
– gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;
– təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir;
– restrukturizasiya olunmur;
BOKT-nin Müşahidə Şurası (Himayəçilik Şurası) tərəfindən BOKT-nin risk iştahasına uyğun olaraq kredit risklərinin idarə olunması siyasəti təsdiq edilməlidir.
Kredit risklərinin idarə edilməsi siyasəti azı aşağıdakıları əhatə edir:
– hər bir kredit növü üzrə bir borcalana və birgə borcalanlar qrupuna, habelə BOKT-yə aidiyyəti olan şəxslərə verilən kreditlərin maksimum həcmi, borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi qaydaları;
– təminatın qiymətləndirilməsi qaydaları, o cümlədən, kənar qiymətləndiricinin seçilməsi meyarları;
– kredit inzibatçılığının aparılması qaydaları;
– qeyri-standart kreditlərin idarə edilməsi qaydaları;
– hesabatlıq.
Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.