Metronun “Nizami” stansiyasında sərnişinlər üçün TƏHLÜKƏLİ vəziyyət var?backend

Metronun "Nizami" stansiyasında sərnişinlər üçün TƏHLÜKƏLİ vəziyyət var?

Son günlər metronun “Nizami” stansiyasının tavanından su damması müşahidə edilir. Sözügedən damcılar qatarların hərəkət xəttinə, platformada qatarı gözləyən sərnişinlərin üzərinə düşür. Şiddətli olmasa da, müəyyən fasilələrlə bu damcıları görmək mümkündür.

Bəs bunun səbəbi nədir və təhlükəli vəziyyət yarana bilərmi?

KONKRET.az xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, metronun “Nizami” stansiyasında təmir gedir:

“Təmir gecə növbəsində qatarların hərəkəti tam dayandırıldıqdan sonra “Nərimanov” elektrik deposundan təsərrüfat qatarı vasitəsilə materiallar, avadanlıq, işçi qüvvələri gətirməklə icra olunur. Hər gecə görülən işin sərnişin təhlükəsizliyi baxımından bütün planlaması aparılır. Bu səbəbdən də hər hansısa problem olmayıb.

Orada iş getdiyindən və stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyindən bu cür dammalar mümkündür. Ancaq axıntılar daim nəzarət altında saxlanılır, yönləndirilir. Təmir müddətində bu dammaların olması mümkündür. Adətən, 3-10 dəqiqə intervalında dammalar müşahidə edilir. Təmirin müəyyən bir dönəmindən sonra bu cür kiçik axıntıların da qarşısı tam alınacaq. Quraşdırılacaq tavan örtüyünün zədələnməməsi, uzunömürlü olması üçün xüsusi tədbirlər görülür”.

O əlavə edib ki, stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyindən korroziyanın qarşısının alınması üçün boya maddələrindən istifadə olunur: “Korroziyanın və axıntıların qarşısının alınması bir-biri ilə paralel şəkildə aparılır. Axıntıların qarşısı isə xüsusi sement məhlulları vasitəsilə alınır. Lakin tam mümkün olmur, başqa yerdən dammalar görülə bilər.

Qeyd edim ki, həm bu axıntılar, həm də onların tərkibi sərnişinlər üçün təhlükəli deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*