Bir neçə gün əvvəl Misirin Daxili İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən, “Müsəlman Qardaşları” təşkilatının silahlı qanadlarından biri hesab edilən “Hasm” qruplaşması ilə əlaqəli gizli bir hüceyrəyə qarşı əməliyyat keçirdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, 2013-cü ildə keçmiş prezident Məhəmməd Mursinin devrilməsindən sonra “Hasm” liderləri Türkiyəyə qaçaraq, Misirdə strateji obyektlərə hücumlar planlaşdırıblar. Misir hökuməti həmçinin iddia edir ki, qruplaşma üzvləri adı açıqlanmayan qonşu ölkədə hərbi hazırlıq keçiblər və Qahirədə bir sıra terror aktları planlaşdırıblar.
Ankara ilə gərginlik artacaqmı?
Daxili İşlər Nazirliyinin bəyanatında Türkiyənin dolayısı ilə adının çəkilməsi iki ölkə arasında son illər müşahidə olunan yaxınlaşmanın gələcəyi ilə bağlı suallar doğurub. “Müsəlman Qardaşları” mövzusu uzun illərdir Misir-Türkiyə münasibətlərində əsas gərginlik nöqtələrindən biri olaraq qalır.
Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 2013-cü ildə general Əbdülfəttah əs-Sisinin hakimiyyətə gəlməsindən sonra kəsilmişdi. Yenidən təmaslar yalnız 2022-ci ildə, Qətərin vasitəçiliyi ilə başlayıb. 2024-cü ildə Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi qarşılıqlı rəsmi səfərlər edərək münasibətlərin yeni mərhələyə keçəcəyini göstərmişdilər.
Lakin Liviya məsələsi, xüsusilə də Tripoli və Tobruk arasında siyasi parçalanma və enerji resurslarına dair mübahisələr fonunda iki ölkə arasında qarşıdurma yenidən alovlana bilər.
Səddam Haftarın Ankaraya səfəri fonunda narahatlıq
Bu ilin aprelində Liviya Milli Ordusunun lideri Xəlifə Haftarın oğlu və varisi kimi təqdim olunan Səddam Haftarın Ankaraya gözlənilməz səfəri, Liviyanın Tobruk şəhərindəki parlamentin Türkiyə ilə Liviya arasında bağlanmış dəniz səlahiyyətləri razılaşmasını ratifikasiya edə biləcəyi ilə bağlı bəyanatı Misirdə ciddi narahatlıq doğurub.
Nəticədə, Misir yenidən Yunanıstanla yaxınlaşaraq Ankaranın Aralıq dənizindəki qaz ehtiyatları üzərində təsirini balanslaşdırmağa çalışır.
Ankara hələlik səssizdir
Rəsmi Ankara Misirin son açıqlamasına münasibət bildirməyib. Misirin yüksək vəzifəli şəxsləri isə bu bəyanatın ikitərəfli münasibətlərə ciddi təsir göstərməyəcəyini düşünür. Misirin ehtimal olunan məqsədlərindən biri, Türkiyədə yaşayan bəzi müxalif fiqurların ekstradisiyasını sürətləndirmək ola bilər.
Müsəlman Qardaşları – keçilmiş mərhələ?
Bəzi analitiklər hesab edir ki, “Müsəlman Qardaşları” məsələsi artıq Misir-Türkiyə dialoqunda önəmli yer tutmur. Əsas prioritetlər arasında Liviya böhranı və Şərqi Aralıq dənizində enerji təhlükəsizliyi dayanır.
Hadisələrin gedişi, iki ölkə arasında son illər bərpa olunan yaxınlığın davamlı olub-olmayacağını müəyyən edəcək.
Natiq Səlim,
KONKRET.az