Parlamentə yeni düşən partiyalar da Mərkəzi Seçki Komissiyasında təmsilçilik istəyir.
KONKRET.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də seçilmiş Milli Məclisdə 11 partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasının 68, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının 2, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1 mandatı var.
Partiyasız şəxslər 44 mandat götürüb.
Parlamentin yenilənməsi Mərkəzi Seçki Komissiyasının (MSK) da yenidən formalaşdırılmasını diktə edir.
Prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin referendumların hazırlanmasına və keçirilməsinə məsul MSK-da 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyaların, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.
Hazırda MSK-da Yeni Azərbaycan Partiyasının nümayəndələri Məzahir Pənahov (sədr), Rövzət Qasımov (sədr müavini), Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev, azlıq partiyalarının nümayəndələri Mikayıl Rəhimov (katib), Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazov, partiyasız deputatların nümayəndələri Arifə Muxtarova (katib), Fuad Cavadov, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov və Nailə Əsgərovadır.
Məzahir Pənahov MSK-ya 2000-ci ildən sədrlik edir.
Məzahir Pənahov MSK-nın sədri postuna yenidən təyin ediləcək və dekabrda nəzərdə tutulan bələdiyyə seçkilərini də o keçirəcək. MSK-nın üzvlərinin isə tərkibində bəzi dəyişikliklərin olacağı deyilir. Bəzi üzvlər bu dəfə MSK-ya üzv təqdim edilməyəcək.
Parlamentdə yeni təmsilçilik qazanan partiyalar da yeni formalaşdırılacaq seçki komissiyalarında, xüsusən də MSK-da təmsil olunmaq istəyirlər.
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev bildirdi ki, yeni seçiləcək MSK-da rəhbərlik etdiyi partiyanın da olmasını arzulayır: “MSK-da işləyə biləcək layiqli nümayəndələrimiz var”.
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, yeni parlament formalaşıb: “Seçki komissiyaları yenidən formalaşdırılmayıb. Dekabr ayında isə bələdiyyə seçkiləri keçirilməlidir. Seçkiyə çox az müddət qalıb. Ona görə də görünən budur ki, dekabr ayına planlaşdırılan bələdiyyə seçkilərini də hazırda fəaliyyət göstərən MSK keçirəcək. Bizdə olan məlumata görə, növbəti ilin fevral-mart aylarında seçki komissiyaları yenidən formalaşdırılacaq. İlkin olaraq Mərkəzi Seçki Komissiyası formalaşdırılacaq, sonra isə DSK və məntəqə seçki komissiyalarının formalaşdırılması gündəmdədir. Komissiyaların üçdə bir hissəsi parlamentdə azlıqda olan partiyalar tərəfindən təşkil olunacaq. Həmin üçdə bir hissə hesab edirəm ki, razılaşmalar və ya əvvəlki təcrübədən çıxış edərək püşkatma yolu ilə də müəyyən edilə bilər. Milli İstiqlal Partiyası da yeni parlamentdə mandat qazandığı üçün seçki komissiyalarında təmsilçiliyi olmalıdır. Biz artıq komissiyalarda partiyamızdan kimlər təmsil oluna bilər deyə araşdırmalarımızı aparırıq. Yerli rayon təşkilatlarımıza da bildirmişik ki, DSK-lar və məntəqə seçki komissiyalarına namizədlərini müəyyənləşdirsinlər. Eləcə də MSK-da təmsil olunacağıqsa, partiyanı kimin təmsil edəcəyi ilə bağlı məsələləri partiyanın daxilində müzakirə edib müyyənləşdirmək istiqamətində işlərə start vermişik”./ “Yeni Müsavat”