Müəllimlərə valideylər tərəfindən qızıl-zinət əşyalarının hədiyyə edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb. Bir çox insanlar bu məsələdə müəllimləri qınayaraq onları tənqid atəşinə tutublar. Bəs görəsən, müəllimə qızıl və digər bahalı hədiyyələrin verilməsi nə dərəcədə düzgündür? Bu cür hallar təhsilə, tədrisə hansı mənfi təsir göstərir?
Mövzunu KONKRET.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda ölkənin 4400 orta ümumtəhsil məktəbində 1,6 milyin şagird təhsil alır. Bizim şagirdlərimizin təlim-tərbiyəsi ilə lə 150 minə yaxın müəllim məşğuldur: “Etiraf edək ki, son 3 il ərzində Azərbaycan təhsilində ciddi geriləmələr müşahidə olunur. Təhsilin idarə olunması və qiymətləndirilməsi ilə bağlı ciddi problemləri görürük. Məktəb-şagird, müəllim-şagird və məktəb-valideyn münasibətləri son 3 il ərzində ciddi şəkildə geriləyib. Bu zəifləməni hətta buraxılış və qəbul imtahanlarının nəticələrində də müşahidə edirik.
Təbii ki, bu gün Azərbaycan təhsil sistemində bir sıra ciddi problemlər mövcuddur. Onlar arasında qiymətli əşyalar və pul tələb olunması hallarını xüsusilə qeyd edə bilərik. Xırdalan məktəblərində baş verən son hadisələr müəllim adı və onun etik davranışları üçün xoş olmayan bir mənzərədir. Amma burada bir məqam var ki, həmin qızıl-zinət əşyalarını müəllim tələb etməyib. Adətən valideyn komitələri öz aralarında danışaraq müəllimin xəbəri olmadan bu cür məsələləri təşkil edirlər.
Bu tipli vəziyyəti bizim valideynlərimiz yaradır. Çünki heç bir müəllim “mənə qızıl alın” deyə tələb irəli sürməz. Təbii ki, müəllimlər arasında dərsi yaxşı keçməyən, öhdəliklərini yerinə yetirməyən, şagirdlərə psixoloji təsir göstərənlər var. Amma son iki fakt onu göstərir ki, valideynlər 4 il ərzində uşaqlarına təhsil verən müəllimlərə təşəkkür etmək üçün bu addımı atıblar. Amma bu, xoş olmayan bir formatda baş verib”.
Ekspertin sözlərinə görə, valideynlərin bu təşəbbüsü haqlı olaraq ictimaiyyət tərəfindən narazılıqla qarşılanır: “Ona görə də, tövsiyə edirik ki, belə hadisələrə yol verilməsin. Çünki, müəllim adı və nüfuzu kəskin şəkildə aşağı düşür. Bu gün cəmiyyətin haqlı olaraq təhsil sisteminə bir narazılığı mövcuddur. Bu, ona görədir ki, son 3 ildə təhsil sistemində təyinatlar obyektiv həyata keçirilmir, Təhsil Nazirliyi milyonlarla vəsaiti qrant olaraq öz yaxın çevrəsinə hədiyyə edir. Təhsilin keyfiyyəti istiqamətində ciddi addım atılmır, amma milyardlarla vəsait dövlət büdcəsindən xərclənir.
Təkrar edirəm, valideynlərin müəllimlərə bir formada təşəkkür etməsində qəbahət yoxdur. Amma istisna hal odur ki, müəllim valideyndən zorla heç nə tələb etməsin. Azərbaycan müəllimi ən yüksək təminata layiqdir. Ona görə də müəllimi günahkar çıxarmaq doğru deyil. Biz müəllimlərin əməkhaqqlarını artırmalı, onların sosial vəziyyətini yaxşılaşdırmalıyıq. Bir sözlə, müəllim ələbaxan olmamalıdır. Odur ki, məktəblərdəki bu tip qanunsuzluqlar yığışdırılmalıdır. Bu kimi hallar təhsil sisteminin idarəçiliyindəki ciddi qüsurlarla bilavasitə bağlıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az