Azərbaycan 2012-ci ildən etibarən Naxçıvan muxtar respublikasının ərazisində öz hərbi iştirakını durmadan artırır.
Konkret.az xəbər verir ki, bu narahatlıq polit-asia.kz portalında dərc edilmiş “Zaqafqaziyada siyasət qızışır-qaynama nöqtəsi 2021” başlıqlı təhlildə bəhs edilir. Məqalənin müəllifi isə ermənidir-İzabell Asvatssatryan-Muradyan.
Məqalədə əsasən Ermənistanın indiki hakimiyyəti ilə Rusiya arasında münasibətlərin soyumasından bəhs edilir, bu münasibətlərin geosiyasi aspekti nəzərdən keçirilir. Və “prosesin digər maraqlı tərəfi-Qars müqaviləsinin 100 illiyinin yaxınlaşması” barədə danışılır. Hansı ki, Rusiya bu müqavilədə Türkiyə ilə bərabər qarant rolundadır.
Və müəllif bu kontekstdə Azərbaycanın Naxçıvandakı hərbi iştirakını durmadan gücləndirməsi barədə danışır. “Google Earth” çəkilişlərindən istifadə edərək Azərbaycanın Naxçıvandakı hərbi bazalarından bəhs edir.
Məqalədə qeyd olunur ki, Azərbaycan Naxçıvandakı ordu qüvvələrini güclü silah sistemləri ilə, o cümlədən TR-300 “Kasırğa” reaktiv artilleriya sistemləri, “Smerç” reaktiv yaylım atəşi qurğuları və digərləri ilə təchiz edib. Naxçıvanın “militarizasiyasına” dair növbəti dəlil kimi prezident İlham Əliyevin 2013-cü ildə Əlahiddə Ümumqoşun Ordusu yaradılması haqda fərman verməsi göstərilir.
Müəllif hərbi analitiklərə istinad edib yazır ki, potensial irimiqyaslı münaqişədə hətta Naxçıvan birbaşa iştirak etməsə də istənilən halda Ermənistan qoşunlarının bir hissəsini Dağlıq Qarabağa göndərmək əvəzinə muxtar respublika ilə sərhəddə saxlamalı olacaq. Bu da əlbətdə, hərbi planda Azərbaycana sərf edəcək.
Habelə qeyd olunur ki, hərbi əməliyyatlar başlayarsa Azərbaycanın əsas vəzifəsi Naxçıvandan platforma kimi istifadə edib Ermənistanın strateji hədəflərinə nöqtə zərbələri endirmək olacaq. Belə hədəflərdən biri də Ermənistanın şərqində dislokasiya olunmuş S-300 PT zenit-raket kompleksləridir. Hansı ki, bu sistemlər Dağlıq Qarabağ regionu üzərində hava məkanına nəzarət edir.
Lakin müəllifin fikrincə həmin komplekslər vurulsa qarşıdurma daha qlobal miqyas alar. Hər iki tərəf öz güclü müttəfiqlərini köməyinə müraciət edər . “Və belə məqamda Türkiyənin Azərbaycanın tərəfində münaqişəyə müdaxiləsi birmənalı olacaq, amma Ermənistandakı indiki hakim rejimi nəzərə alaraq Rusiyanın köməyə gələcəyi o qədər də aydın, qəti deyil”,-məqalədə deyilir.(Virtualaz.org)