“Müharibə iki ölkədən birində hakimiyyət dəyişikliyi ilə başa çatacaq” – ÖZƏL AÇIQLAMAbackend

"Müharibə iki ölkədən birində hakimiyyət dəyişikliyi ilə başa çatacaq" - ÖZƏL AÇIQLAMA

Rusiyanın Ukraynaya müdaxiləsi bütün nəticələri ilə birlikdə təcavüz aktıdır.

Bu barədə politoloq Fərhad Məmmədov KONKRET.az-a açıqlamasında deyib. O, Rusiyanın Ukraynaya təcavüzündəki məqsədləri və imkanlarını barədə bunları bildirib:

“Bu günə qədər olan bütün fərziyyələrə son qoya bilərsiniz. Rusiyanın Ukraynaya müdaxiləsi bütün nəticələri ilə birlikdə təcavüz aktıdır. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyi susur, çünki təcavüzlə bağlı fikir formalaşdırmaq mümkün deyil.

Rusiyanın məqsədləri də göstərilmir. Görünür, məqsədlər bəyan edilmir və onlar hərbi təcavüzün gedişindən asılı olacaq. Məqsədlər nə ola bilər:

⁃ Kiyevi Donbas və Krımı tanımağa məcbur etmək? Bu, Gürcüstanda alınmayıb, Ukraynada da olmayacaq!
⁃ Ukraynada hakimiyyətə marionet rejimi gətirmək və onlardan NATO-ya daxil olmamaq, Donbas və Krımı tanımaq barədə öhdəlik götürmək? Amma bu, müharibə və itki baxımından real deyil!
⁃ ABŞ-ı danışıqlara cəlb etmək və onları öz şərtlərini qəbul etməyə məcbur etmək?! Artıq gecdir!
⁃ Qərbin parçalanmasına nail olmaq?! Deməli, buna artıq nail olunub, əksinə, ABŞ hamını sıraya düzəcək, hətta Türkiyə də kollektiv qərar verməli olacaq.

Məqsədləri nə olursa olsun, Rusiyanın vəziyyətdən çıxmaq imkanları böyük deyil:

⁃ ABŞ-ın görüşdən imtina etməsi kommunikasiya kanalının olmadığını nümayiş etdirir. Qərb Rusiya prezidenti ilə danışıqlara kimi göndərə bilər?! Merkel? Ərdoğan? Makron?! Növbə ehtimala görə düzülüb, amma danışıq aparanların özləri buna gedəcəklərmi?!
⁃ Sanksiyalar iqtisadiyyata və maliyyə sisteminə zərbə vuracaq. Ukraynaya qarşı hərbi təcavüz on milyardlarla dolların müharibəyə sərf edilməsi deməkdir və nəyə görə?!

Axı Ukraynanı udmaq olar, özü də dərhal yox, minlərlə insanın həyatı bahasına, amma həzm etmək olmaz!
⁃ Yüksək qaz və neft qiymətləri? Amma onları yüksək səviyyədə saxlamaq üçün Rusiya İranla son mərhələdə olan razılaşmanı tezləşdirilməlidir. Bəs Qərbin Rusiyanın İranla razılaşmalarda iştirakı ilə formatı saxlayacağına kim zəmanət verir?!

Düşünürəm ki, Qərb qiymətləri aşağı salmaq üçün Rusiyasız İranla danışıqlara başlayacaq. Və ən maraqlısı odur ki, Çin buna mane olmayacaq!!!

İndi yerlərdə proseslərdən çox şey asılıdır və bu, təkcə silahlı qüvvələrdən deyil, cəmiyyətin konsolidasiyası, informasiya təminatı, elitaya daxildən təsir göstərməkdir. Prezident Zelenskinin ruslara üz tutması təsadüfi deyil…

Güman edirəm ki, müharibə iki ölkədən birində hakimiyyət dəyişikliyi ilə başa çatacaq”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*