NATO regionda vəziyyəti nəzarətdə saxlamaq üçün Qərbi Balkanlarda, o cümlədən Kosovoda qoşunlarının sayını artırmağı düşünür.
KONKRETaz “Reuters”a istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.
Qeyd edək ki, sentyabrın 24-də polislə silahlı serblər arasında baş verən toqquşmadan sonra alyansın Böyük Britaniya və Rumıniyadan Kosovoya yüzlərlə əlavə hərbçi göndərdiyi məlum olub.
“İndi biz vəziyyətin nəzarətdən çıxmaması və Kosovoda və ya daha geniş regionda növbəti şiddətli münaqişəyə gətirib çıxarmamaq üçün daimi hərbi mövcudluğu artırmağa çalışmalıyıq. Bu barədə artıq düşünürük”, – deyə baş katib izah edib.
Xatırladaq ki, bundan əvvəl Stoltenberq Bosniya və Herseqovina Serb Respublikasının rəhbəri Milorad Dodikin separatçı ritorikasından narahat olduğunu bildirmişdi. Yeri gəlmişkən, Dodik son aylarda Bosniyadan ayrılaraq qonşu Serbiyaya qoşulmaq planlarını gizlətmir.
Natiq Səlim,
KONKRET.az