Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə say həddi 25 000 ədəd müəyyən edilib.
“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdır.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Nazirlər Kabinetinin yeni qərarı paytaxt ərazisində avtomobil nəqliyyat sisteminin səmərəliliyinin artırılması istiqamətində atılmış bir addımdır:
“Kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və “Avtomobil nəqliyyatı haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur”.
AYNA-nın cavabda əlavə olunub ki, taksi sahəsində keçirilən islahatlar hazırda öz müsbət nəticələrini göstərməyə başlayıb:
“Taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanıldı, davamlı nəzarətin qurulması təmin edildi. Taksi fəaliyyəti göstərən sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olundu və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə başladılar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə ‘E-taksi’ alt sistemi yaradıldı. Bütün taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir”.
AYNA-dan deyilib ki, görülən son işlərdən sonra ölkənin taksi parkı əhəmiyyətli dərəcədə yenilənib:
“İslahatların həyata keçirilməsindən əvvəl taksi parkının 62%-nin istismar müddəti 15 ildən artıq olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət oldə olundu və artıq taksi parkının 67%-nin istismar müddəti 8 il təşkil edir. Görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub. 14 oktyabr 2025-ci il tarixinə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 014-dür.
Bu avtomobillərin təxminən 55%-i və ya 18825 ədədi son 5 ildə istehsal olunan nəqliyyat vasitələridir. Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79%-ni təşkil edir. Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün “rəqəmsal əkiz”). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır”.
Daha sonda isə vurğulanıb ki, kvotanın tətbiqi keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək:
“Bu günədək həyata keçirilən islahatlar özünü doğruldub və mühüm nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək.
Kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək”.