1993-cü ilin fevralında qoşunlarımız Sərsəng su anbarı ətrafında mühasirəyə düşdü. Təxminən 850 nəfərlik heyət, o cümlədən altı batalyon – 703-cü briqadanın tərkibində idi. 703-ün də briqada komandiri Nəcməddin Sadıqov, onun da müavini Aleksandr Vasyak, artilleriya rəisi də Komarov idi. Bir çox yüksək rütbəli zabit mövqeləri tərk etmişdi. O boyda qoşunlar mühasirədə qalıb, başda Sadıqov olmaqla, briqada komandirlərinin hamısı oradan çıxmışdı.
KONKRET.az xəbər verir ki, bu sözləri Axar TV-ə geniş müsahibəsində Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov bildirib.
“723-cü alaydan cəmi 124 nəfər qalmışdı. Komandanlıq faktiki olaraq dağılmışdı. 93-cü ilin fevralında Müdafiə Nazirliyində keçirilən iclasda bizə məlumat verildi ki, qoşunlarımız Sərsəng ətrafında mühasirədə qalıb və kimsə gedib onlara rəhbərlik edib, qoşunları mühasirədən çıxarmalıdır. İclasda oturanlardan heç kim başını qaldırıb gedəcəyini demədi. Nəcməddin Sadıqov da orada idi.
Heç kim irəli çıxmadı. Mən əməliyyat idarəsinin döyüş planlaşdırma şöbə rəisi kimi razılıq verdim. Dedim, mənə kəşfiyyatçı verin, kəşfiyyat zabiti Oleq Nisterenkonu verdilər. Fikir verirsinizmi? Məni ora göndərməkdə məqsəd də Sərsəngdəki uğursuzluğu üzərimə yıxmaq idi.
Vəziyyət son dərəcə ağır idi. Orada olan polkovnik-leytenant Zeydulla Zeydullayevdən nə baş verdiyini soruşdum. O mənə dedi ki, silah-sursat və ərzaq dolu karvanı – 12 maşını – ermənilər pusquya salaraq vurublar. Maşınlar gözümüzün qabağında yanırdı.
Ermənilər Həsənqaya ətrafında olan Umudlu və Zeyli kəndlərimizi mühasirəyə almışdılar. 850 nəfər mühasirədə qalmışdı. Ermənilər də bunu bilirdilər. Gecə-gündüz bizi artilleriya, minaatan, tanklarla vururdular. Yavaş-yavaş bizi Aterk (Həsənruz) kəndinin ətrafına sıxışdırırdılar.
O vaxt Baş Qərargah rəisi Nurəddin Sadıqova idi, ona zəng vurdum ki, iki tərəfdən basqın edib, mühasirəni yaraq. Dedi ki, hamı imtina edir. Soruşdum ki, briqadanı atıb gedən Sadıqov qayıtsın, briqadaya rəhbərlik etsin. Cavab verdi ki, Sadıqov tərxis üçn ərizə yazıb getdi.
O vəziyyətdə Nurəddin Sadıqovdan xahiş etdim ki, şəhidlərin, yaralıların çıxarılması üçün vertolyot versin. Mənə dedi ki, pilotlar ruslardır, hamısı da uçmaqdan imtina edirlər.
Qərarı yerində qəbul etməli olduq. 350-370 nəfərlik heyəti səfərbər edib əməliyyat planı hazırladıq. Məqsəd mühasirəni yarmaq idi. Seçim sadə idi: ya döyüşərək çıxmaq, ya da dağlarda məhv olmaq”, – Elbrus Orucov qeyd edib.
Ətraflı videoda:
