Kanada hökuməti Yaxın Şərqdə təhlükəsizliklə bağlı tədbirləri gücləndirərək İrana səfərlə bağlı xəbərdarlıq səviyyəsini maksimum həddə qaldırıb.
KONKRET.az xəbər verir ki, Rəsmi Ottava ölkə vətəndaşlarına İran ərazisini mümkün qədər tez tərk etməyi tövsiyə edib.
Hökumətin yaydığı bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır və əvvəlcədən xəbərdarlıq edilmədən daha da pisləşə bilər. Kanadalılara hazırda mövcud olan təhlükəsiz və əlçatan marşrutlardan istifadə edərək ölkəni təxirə salmadan tərk etmək məsləhət görülüb.
Eyni zamanda vurğulanıb ki, vəziyyətin daha da gərginləşəcəyi təqdirdə konsulluq yardımı imkanları ciddi şəkildə məhdudlaşa və ya tamamilə əlçatmaz ola bilər.
Qeyd edək ki, son dövrlərdə regionda artan gərginlik bir sıra ölkələrin öz vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıqlar etməsinə səbəb olub.
Müşviq Tofiqoğlu
KONKRET.az
