Netanyahu Trampa “meydan oxudu” – Müharibə davam edəcək, ABŞ-ın yardımı isə…backend

Netanyahu Trampa "meydan oxudu" - Müharibə davam edəcək, ABŞ-ın yardımı isə...

İsrailin baş naziri Benyamin Netanyahu Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatların dayandırılmasının planlaşdırılmadığını bildirib.

KONKRET.az xəbər verir ki, CBS News telekanalına müsahibəsində jurnalistin “Tehranla mümkün razılaşma çərçivəsində döyüşlərin dayandırılması mümkündürmü?” sualına Netanyahu qısa şəkildə “Xeyr” cavabını verib.

Baş nazir Vaşinqtonun bu barədə birbaşa tələbi olacağı halda İsrailin güzəştə gedib-getməyəcəyi sualını isə cavabsız qoyub.

O, İranın regiondakı müttəfiqlərinin zəifləyəcəyinə əmin olduğunu bildirib. Netanyahu hesab edir ki, İranın mövqelərinin ciddi zəifləməsi və ya hakimiyyət dəyişikliyi Fələstin, Yəmən və Livandakı silahlı qrupların da məğlubiyyəti ilə nəticələnəcək.

Müsahibədə Netanyahu İsrailin ABŞ-dan aldığı hərbi maliyyə yardımını mərhələli şəkildə azaltmaq niyyətində olduğunu da açıqlayıb.

Onun sözlərinə görə, hazırda İsrail hər il Vaşinqtondan 3,8 milyard dollar həcmində yardım alır.

“Amerikanın maliyyə dəstəyini sıfıra endirmək istəyirəm. Düşünürəm ki, qalan hərbi yardımdan imtina etməyin vaxtıdır”, – deyə İsrail hökumət başçısı bildirib.

Netanyahu əlavə edib ki, bu prosesə dərhal başlamaq və onu yaxın on il ərzində tamamlamaq niyyətindədir. ABŞ ilə İsrail arasında qüvvədə olan hazırkı yardım sazişinin müddəti 2028-ci ildə başa çatır.
Baş nazir həmçinin ABŞ prezidenti Donald Trampla fevral ayında keçirdiyi görüşdən danışıb. Netanyahu bildirib ki, o, İran əleyhinə mümkün birgə hərbi əməliyyatın İranda hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyinə dair Trampa heç bir zəmanət verməyib.

“Biz hər ikimiz razılaşdıq ki, burada qeyri-müəyyənlik və risklər var”, – deyə Netanyahu qeyd edib.

Bununla yanaşı, İsrailin baş naziri vurğulayıb ki, hərbi əməliyyatlardan imtina etmək daha böyük təhlükə yarada bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*