İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, əgər Tehran yenidən nüvə proqramını aktivləşdirməyə cəhd edərsə, Təl-Əviv İrana qarşı yeni zərbə endirəcək.
KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.
Bildirilib ki, iyulun 8-də baş tutan rəsmi görüş zamanı Donald Tramp qeyd edib ki, o, ABŞ-ın İrana qarşı zərbələr endirməsini istəmir. Bununla belə, Netanyahu xəbərdarlıq edib ki, əgər İran yenidən nüvə silahı hazırlamaq yoluna qədəm qoysa, İsrail kənarda dayanmayacaq. Tramp isə diplomatik həllə üstünlük verdiyini ifadə edib, lakin İsrailin mövqeyinə qarşı çıxmayıb.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ da münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki “Əl-Udeyd” bazasına raket zərbəsi endirib. Daha sonra Amerika Prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. 24 iyunda atəşkəs qüvvəyə minib.