Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib.
KONKRET.az xəbər verir ki, təqsirləndirilən şəxs Arayik Arutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarını cavablandırıb.
O, hansısa küçədə azərbaycanlıların evlərinin yandırılması, qətllər, qarətlər barədə eşitdiyini bildirib.
“Bəli, çoxlu qətllər, hətta ermənilərin erməniləri öldürdükləri faktlar da olub. Yəni, ermənilər təkcə azərbaycanlılara qarşı olmayıblar, orada məişət, siyasi zəmində ermənilərin erməniləri öldürmələri halları olub. Xankəndidə, Qarabağda yüksək vəzifəli şəxsi öldürüblər”.
A.Arutyunyan Xankəndidə öldürülən vəzifəli şəxsin adını da açıqlayıb və əlavə edib:
“Adı Valeri Qriqoryandır. Onun qətli ilə bağlı müxtəlif versiyalar var. Biri o idi ki, o, Bakıya gedərək azərbaycanlılarla görüşüb. İkinci versiya o idi ki, vəzifə üçün öldürülüb. Fakt bu idi ki, Bakıdan qayıdandan sonra öldürülüb, deməli, birinci variant daha uyğundur”.//Globalinfo.az