“Ölkə rəhbərinin siyasi iradəsi var və bu ödənişlər onsuzda həyata keçiriləcək” – AÇIQLAMAbackend

“Ölkə rəhbərinin siyasi iradəsi var və bu ödənişlər onsuzda həyata keçiriləcək” - AÇIQLAMA

Prezident İlham Əliyevin 1-ci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş edilməsi barədə fərman imzalaması sağlamlığını vətən yolunda fəda edən müharibə iştirakçılarının sevincinə səbəb oldu. Lakin bir qrup əlilliyi olan müharibə iştirakçılarının adlarının sistemdə qeyd olunmaması müxtəlif narazılıqların yaranması ilə nəticələndi. 30 ilə yaxındır təqaüd alan və hər il hərbi hospitalda pulsuz müalicə edilən müharibə əlillərinin sistemdə adlarının olmaması həmin şəxslərin birdəfəlik müavinət almasına əngəl yaradır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, bu, texniki problemlərdir: “Bunun yaranmasının səbəbi odur ki, həm Birinci Qarabağ müharibəsində, həm də ondan sonrakı dövrdə faktiki olaraq Azərbaycanda icra strukturlarının vəziyyəti çox acınacaqlı olub.  Bu səbəbdən də orada nəinki hansısa elektronlaşmadan, o cümlədən əməkləşmə qaydalarının o vaxtkı standartlara uyğun aparılmasından söhbət gedə bilməzdi. Amma əsas məsələ ondan ibarətdir ki, ölkə rəhbərinin siyasi iradəsi var və bu ödənişlər onsuzda həyata keçiriləcək. Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, indiyə qədər sistemdə adı olan xeyli sayda veterana proaktiv qaydada ödənişlər həyata keçirilib. Məndə olan məlumata görə, burada ilkin olaraq 11 min nəfərdən söhbət gedir”.

Elşad Məmmədov

İqtisadçının sözlərinə görə, sözsüz ki, qeyd olunan texniki məsələlərlə bağlı da məsələ gündəlikdədir: “Amma bu problemlər yaxın vaxtlarda öz həllini tapacaq və bütün ödənişlər həyata keçiriləcək. Çünki bunun üçün maddi təminat var və vəsait ayrılıb. Texniki problemin niyə mövcud olduğuna gəlincə isə, bunu böyütmək və xoş niyyət olmayan istiqamətə yönəltmək adekvat yanaşma deyil. Qərar var və gec-tez bütün ödənişlər həyata keçiriləcək. Praktik qaydada ödənişlərin verilməsi Azərbaycan üçün son illərin bir yeniliyidir. Biz unutmamalıyıq ki, təxminən 5 il öncə müharibə iştirakçıları hansısa güzəşt və müavinət əldə etmək üçün nə qədər müraciət ünvanlayırdı. Günlərlə növbələr yaranırdı. Amma indi ödənişlər proaktiv qaydada həyata keçirilir. Hansısa texniki problem varsa, onlar da həllini tapır. Ancaq bunun bir gün, yaxud həftə içində həll olunması da mümükün deyil. Çünki məsələ təkcə bir nazirlikdən asılı deyil. Müxtəlif dövlət qurumlarından müvafiq sənədlər toplanmalı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmalıdır ki, ödənişlər rahat şəkildə həyata keçirilsin”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*