Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərindən sonra daxili siyasi böhran və qarşıdurma yeni mərhələyə qədəm qoyub. Baş nazir Nikol Paşinyan qanunverici orqana daxil olan yeni müxalifət qüvvələrini rəsmən qanunsuz elan edərək onlara qarşı sərt tədbirlərin görüləcəyini bəyan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nikol Paşinyan parlament kürsüsündən çıxışı zamanı 9-cu çağırış Milli Məclisdə formalaşan müxalif fraksiyaları kəskin ittiham edib:
“Doqquzuncu çağırış parlamentdə formalaşan parlament müxalifəti tamamilə qanunsuz hərəkətlər nəticəsində ortaya çıxmış bir siyasi vahiddir”.
Baş nazir vurğulayıb ki, Ermənistan dövlətinin bu qüvvələri gələcək siyasi fəaliyyətdən məhrum etmək üçün “legitim hüququ” var və respublika bu istiqamətdə mütləq lazımi addımları atmalıdır.
Paşinyan öz çıxışında seçki prosesinə xarici qüvvələrin müdaxilə etdiyini də iddia edib. Onun sözlərinə görə, Ermənistandakı “kriminal-oliqarxik rejimi” qorumaq üçün kənardan edilən basqınlar ölkənin milli təhlükəsizliyini ciddi təhlükə altına qoyub. Lakin o, bu risklərin artıq geridə qaldığını qeyd edib:
“Bu gün həmin risklər tamamilə dəf edilib. Hazırda kriminal oliqarxiyanın kökünü kəsmək üçün diqqətimizi toplamağa bizə heç nə mane olmur. Bu proses artıq başladılıb və heç bir halda dayanmayacaq”.
Siyasi müşahidəçilər Paşinyanın bu bəyanatlarını seçkilərdən dərhal sonra ölkədən qaçmaq istəyərkən hava limanında saxlanılan eks-prezident Robert Köçəryan və digər müxalif namizədlərə qarşı başlanmış cinayət təqibinin genişmiqyaslı repressiya dalğasına çevriləcəyinin rəsmi siqnalı kimi dəyərləndirirlər.
Natiq Səlim,
KONKRET.az
