“Kapitulyator ( Paşinyan – red) xalqı qəsdən yeni müharibəyə və “soyqırım”a sürükləyir. Səbəb isə çox sadədir. Ermənistan və “Artsax” olmayacaq, milli maraqlara xəyanət edənə ömürlük həbs cəzası verilməyəcək”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Marina Mkrtçyan səsləndirib:
“Paşinyanın Əliyevlə “sülh müqaviləsi” imzalamağa hazır olması barədə bəyanatlarının ardından Ermənistanın parlament meydanındakı daş hasarın ətrafına tikanlı məftillərin çəkilməsinə, həmçinin indiyədək görünməyən təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə start verildi. 2020-ci il noyabrın 9-da Paşinyan təslim olmaq haqqında bəyanatı imzalayanda parlamentdə (söhbət əvvəlki çağırışdan gedir) Q.Tsarukyan və E.Marukyanın rəhbərlik etdiyi fraksiyaların simasında sadəcə müxalifətin parodiyası mövcud idi”.
PAŞİNYAN İNDİ MÜXALİFƏTDƏN QORXUR
Buna görə də parlamentin tribunasından etdiyi qalmaqallı açıqlamadan sonra geri qayıtmağa və səhv başa düşüldüyünü izah etməyə məcbur oldu. İki bəyanat arasındakı müddətdə isə minlərlə etirazçı Marşal Baqramyan prospektinə toplaşdı, hətta bəziləri parlamentə basqın etməyə cəhd göstərdi. Odur ki, güman edilən (ilin sonu) “sülh müqaviləsinin” imzalanmasına hazırlıq prosesi çərçivəsində Paşinyan qabaqlayıcı tədbirlər görməyə qərar verib. Onun həmçinin noyabrın 10-da hökumətin iclasında çıxışı gözlənilir, noyabrın 11-də isə tele-konfrans keçirəcəyi bildirilir. Bundan əvvəl hökumət dövlət və rəsmi sirrlərin dərc edilməsinə görə cəzaların sərtləşdirilməsinə dair qanunvericilik təşəbbüsünün hazırlanmasını başa çatdırıb. Layihə söz və məlumat azadlığına qarşı yönəlib. Bu, çətin ki, Avropa strukturlarının diqqətindən yayınsın” – erməni analitik yazır.
Marina Mkrtçyan hesab edir ki, Paşinyan “sülh müqaviləsi” adı altında yenidən təslim olmaq haqqında sənəd imzalamağa hazırdır və bunun üçün müvafiq zəmin hazırlayır: “
“O, 10 noyabr 2020-ci il gecəsi üçtərəfli bəyanatı imzaladıqdan sonra olduğu kimi Müdafiə Nazirliyinin bunkerində gizlənmək istəmir. Çünki bu dəfə o, bunkerdən birbaşa müttəhimlər kürsüsünə aparılacaq. Yeni müharibə və “soyqırım”dan qaçmaq üçün Ermənistan təcili olaraq əsas müzakirəçini dəyişməlidir. Lakin Paşinyanın könüllü şəkildə istefa verməyəcəyi gün kimi aydındır. Bu arada Paşinyanın bir açıqlamasını xatırlatmaq istəyirəm: “Mənim “Artsax” adından danışıqlar aparmağa haqqım yoxdur!”. “Bəs Sizin 2020-ci il noyabrın 9-da “Artsax” adından bəyanat imzalamaq hüququnuz var idimi?” – Hayastan fraksiyasının rəhbəri Seyran Ohanyan kapitulyatordan soruşub. Müxalifət qeyd edir ki, hakim elitanın “Artsax”ın təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı bəyanatları Ermənistan Konstitusiyasına və Müstəqillik Bəyannaməsinə ziddir. Bu hal avtomatik olaraq rejimi və onun rəhbərini qanundan kənara çıxarır”.
Putinin İrəvana gələcəyi ilə bağlı proqnozlar…
“Analitik dairələr Ermənistanın sülh müqaviləsinin bağlanması ilə bağlı hazırlığın son mərhələsinə keçdiyini diqqətə çatdırır. Bu sənədin ilin sonuna qədər Tiflisdə imzalanması ilə bağlı mediaya məlumatların sızması təsadüfi təşkil olunmayıb. Hakimiyyət təəssüratlarını dilə gətirib. Politoloqlar deyirlər ki, rejim lideri çoxdan müqavilənin Qərb variantını imzalamağa qərar verib və bu, “Artsax” məsələsini Azərbaycanın xeyrinə həll edəcək. Noyabrın 8-də İlham Əliyevin Şuşadan bəyanatlar verməsi, Gorus, Qafan, Cermux və Göycənin Azərbaycanın mövqelərindən aydın göründüyünə işarə etməsi müəyyən mətləbləri gündəmə gətirir. Əliyev Ermənistan ərazisində 3 gömrüklə razılaşmır, ona dəhliz lazımdır. Son günlər Azərbaycan Prezidentinin inadkarlığı Nikolun nəsə vəd etdiyinə dair şübhələrə yol açır. Politoloqlar açıq şəkildə şifahi vədlərə eyham vurur. Paşinyan isə heç bir vədlər vermədiyini göstərməyə çalışır. Paşinyan razılaşmalardan şübhələnməmək üçün hər şeyi edir, amma hiyləsi alınmır. Bu gün Paşinyan və Əliyev birgə səylərlə müharibənin “sülh müqaviləsi”nə alternativ olacağını bəyan edir. Yəni erməni xalqı qorxudulur. Açığı, Moskva və Tehran Paşinyanın Brüssel və Vaşinqtonla flört etməsindən qıcıqlanıb. Ukraynadakı qarşıdurma Kreml və Ağ Ev arasında ayrıca danışıqlar mərhələsinə qədəm qoyub. Bu baxımdan Vaşinqtonun atəşə tutmağa çalışacağı növbəti regionun Cənubi Qafqaz olacağı ilə bağlı əsaslı qorxular var. Bu proqnoz nisbətən uzaq gələcəyə aiddir. Lakin hələlik kollektiv Qərb İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirməklə görünən və görünməyən qırmızı xətlərdən yan keçməyə çalışır”.
Erməni analitikin fikrincə digər vacib bir məqam Kapitulyatorun sülhməramlıların mandatının uzadılması mövzusunda fikir səsləndirməsidir. Bu da noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan KTMT dövlət başçılarının forumu kontekstində şərh edilməlidir. Rusiya prezidenti Putinin İrəvana gələcəyi ilə bağlı (forumun başlamasına bir gün qalmış gələcəyi barədə məlumat yayılıb) 2 proqnoz mövcuddur: “Rusiya prezidenti öz səfəri ilə ya Əliyev və Ərdoğana nə isə nümayiş etdirəcək, ya da Paşinyanı nəyəsə inandırmağa çalışacaq.
Əliyev İrana hücum edəcək?
Marina Mkrtçyana görə, Bakının İrana qarşı başlatdığı informasiya müharibəsi qaçılmaz hücumdan xəbər verir. Lakin Tehran Türkiyə, Səudiyyə Ərəbistanı və İsrailin Azərbaycana dəstək verəcəyini anlayaraq vəziyyəti gərginləşdirməməyi üstün tutur. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin inqilab yolu ilə İranda hakimiyyəti dəyişmək ssenarisi iflasa uğradı. Buna görə də bölgədə Ukrayna ssenarisinin təkrarlanacağı istisna edilmir. Amma Paşinyanın 10-11 noyabr ritorikası hazırkı siyasi məqamın heç də Ermənistanın xeyirinə olmadığını açıq-aşkar ortaya qoyur. Odur ki, ən mühüm vəzifə yalnız təcrübəli, bilikli və çevik danışıqçının tapılmasıdır. Hadisələrin gedişinə yalnız belə bir şəxs təsir göstərə bilər. Ona görə də, parlament müxalifəti xalqa arxalanaraq özünü qanundan kənarda qoyan əsas müzakirəçini dərhal dəyişməlidir! Bu şərtlər daxilində istənilən rayon polisinin belə Paşinyanı həbs etmək hüququ var. Çünki Kapitulyator xalqı qəsdən yeni müharibəyə və “soyqırım”a aparır. Səbəb isə odur ki, Ermənistan və “Artsax” olmayacaq, milli maraqlara xəyanət edənə ömürlük həbs cəzası verilməyəcək” – erməni analitik fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az