Pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ: “Həm kişilər, həm də qadınlar üçün 60 yaş ola bilər”backend

Pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ: "Həm kişilər, həm də qadınlar üçün 60 yaş ola bilər"

“Azərbaycanda pensiya yaşının ilbəil artırılması cəmiyyətdə narahatlıq doğuran əsas məsələlərdən biridir. Bu məsələ ilə bağlı proses yeni deyil və hazırda qüvvədə olan qərar 2016-2017-ci illərdə qəbul edilən dəyişikliklərə əsaslanır.

Həmin dəyişikliklərə görə, hər il 6 ay olmaqla pensiya yaşı tədricən artırılır. Kişilər üçün bu proses artıq 2021-ci ildə başa çatıb və onlar 65 yaşında pensiya hüququ əldə edirlər. Qadınlar üçün isə artım prosesi 60 yaşdan başlayıb və 2027-ci ildə 65 yaşa çatmaqla tamamlanacaq. Bu tarixdən sonra pensiya yaşı ilə bağlı artım dayandırılacaq”.

Bu fikirləri iqtisadçı Rəşad Həsənov KONKRET.az-a açıqlamasında səsləndirib:

Rəşad Həsənov

Ekspert bildirir ki, gələcəkdə bu istiqamətdə yeni qərarların qəbul olunması istisna deyil.

“Çünki dünyada orta ömür uzunluğu artdıqca, əmək qabiliyyəti dövrü də uzanır və bu da bir çox ölkələrdə pensiya yaşının artırılmasına səbəb olur. Məsələn, bəzi Avropa ölkələrində bu hədd 67 yaşdır”.

Mütəxəssis qeyd edir ki, Azərbaycanda 65 yaş pensiya yaşı kimi yüksək hesab olunur:

“Çünki ölkədə orta ömür uzunluğu nisbətən aşağıdır və nəticədə pensiyada qalma müddəti orta hesabla 7 ilə yaxındır. Bu, dünya üzrə olan 14-14,5 illik ortalamadan xeyli azdır. MDB məkanında belə sərt pensiya yaş həddi olan ölkələr kifayət qədər çox deyil”.

R.Həsənov hesab edir ki, gələcəkdə pensiya yaşının optimallaşdırılması məqsədəuyğun olardı. Onun fikrincə, Azərbaycanda qadınlar və kişilər üçün pensiya 60 yaş civarında müəyyənləşdirilsə, bu həm sosial ədalət, həm də pensiya sisteminin etibarlılığı baxımından daha uyğun olar.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*