İran Prezidenti Məsud Pezeşkianın paytaxtın köçürülməsi ilə bağlı irəli sürdüyü ideya ölkənin siyasi və ictimai dairələrində geniş müzakirələrə səbəb olub. Maraqlıdır, yeni paytaxtın yeri kimi hansı bölgələrin nəzərdən keçiriləcəyi gözlənilir və bu, ölkədaxili etnik və siyasi balansı necə dəyişə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, paytaxtın köçürülməsi olduqca bahalı və mürəkkəb layihədir:
“Hazırda kifayət qədər maliyyə və iqtisadi çətinliklərlə üzləşən İran üçün belə bir layihənin həyata keçirilməsi real görünmür. Çox güman ki, bu ideyaya qarşı ölkənin mühafizəkar qanadı da ciddi etirazını bildirəcək.”
Ekspertin sözlərinə görə, yeni paytaxtın yerləşəcəyi ərazi ilə bağlı əvvəllər İsfahan və Qum şəhərlərinin adları hallanırdı. Lakin Pezeşkian yeni paytaxtın Çəngəl körfəzində yerləşən şəhərlərdən birində salınmasını təklif edib.
“Bu, İran üçün strateji baxımdan təhlükəli addımdır. Adətən yeni paytaxt salınarkən quru və dəniz sərhədlərindən uzaq ərazilər seçilir ki, müharibə zamanı müdafiə imkanları güclü olsun. Halbuki, Çəngəl körfəzi bölgəsində ABŞ-ın Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdə hərbi bazaları mövcuddur. Belə şəraitdə İranın yeni paytaxtı hərbi toqquşma zamanı asanlıqla hədəfə çevrilə bilər”, – deyə Taleh Əliyev vurğulayıb.
Politoloq hesab edir ki, layihənin reallaşması üçün milyardlarla dollar tələb olunur və bu da hazırkı iqtisadi vəziyyətdə İran üçün qeyri-mümkündür:
“Müasir paytaxt salmaq həm iqtisadi, həm də təhlükəsizlik baxımından hazırkı İran üçün nə real, nə də məntiqli addım deyil”, – ekspert əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az