Bakı küçələrində piyada keçidlərində dayanıb yaşıl işığın yanmasını gözləyənlər üçün texnologiya köməyə gələ bilər. Dünyanın bir sıra şəhərlərində tətbiq olunan avtomatik piyadanı tanıyan adaptiv işıqfor sistemləri yaxın gələcəkdə Azərbaycanda da qurula bilərmi?
Bunu KONKRET.az-a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Ekspert qeyd edib ki, belə sistemlərin tətbiqindən öncə şəhər daxilində piyada infrastrukturunun təkmilləşdirilməsi vacibdir:
“Şəhərimizdə səkilərin abadlaşdırılması, piyada axınına uyğun qısa keçidlərin yaradılması və bu keçidlərin svetaforla nizamlanması əsas məsələdir. Axına uyğun bəzi yerlərdə düyməli svetaforların tətbiq edilməsi mümkündür. Bu yanaşmanı artıq şəhərin bir sıra ərazilərində görürük.”
Rauf Ağamirzəyev hesab edir ki, şəhər daxilində svetaforla nizamlanan piyada keçidlərinin sayı artırılmalıdır:
“Piyadalar küçənin bir tərəfindən digər tərəfinə keçmək üçün uzun məsafə qət etməməlidirlər. iki zolaqdan artıq küçələrdə keçidlərdə təhlükəsizlik adacığı qurulmalıdır. Bu baxımdan yol hərəkəti təhlükəsizliyinə xidmət edən sürət azaldıcı elementlər, kontrast işıqlandırma və xüsusi nişanlamalar tətbiq olunmalıdır.”
Ekspert əlavə edib ki, azmobilli şəxslər də nəzərə alınmalı, fiziki maneələr minimuma endirilməlidir:
“Müasir dünya təcrübəsində piyada təhlükəsizliyinin təmininə dair müxtəlif yanaşmalar mövcuddur və bu təcrübələrin ölkəmizdə də geniş şəkildə tətbiqinə ciddi ehtiyac var. Unutmayaq ki, yol hərəkəti iştirakçıları arasında piyadalar ən həssas və qorunmasız qrupu təşkil edir. Təhlükəsizlik hər şeydən önəmli olmalıdır. Piyadalar səki ilə rahat və təhlükəsiz şəkildə hərəkət edə bilməli, hər hansı maneə olmadan irəliləməli, küçənin bir tərəfindən digər tərəfinə qısa və əlçatan keçidlərlə keçid imkanı təmin olunmalıdır”.
Qeyd edək ki, adaptiv işıqfor sistemləri piyadaların və nəqliyyat axınının real zamanlı təhlilinə əsasən işləyir. Bu sistemlər piyadaları avtomatik tanımaqla onların yol keçidini daha təhlükəsiz və rahat edir.
Aynurə İsmayıl
KONKRET.az