Pol Qobl: “Rusiya heç kimin qalib gəlməsini istəmir”backend

Pol Qobl: “Rusiya heç kimin qalib gəlməsini istəmir”

“Azərbaycan qüvvələri özünü hamının gözlədiyindən daha yaxşı nümayiş etdirdi”

“Fikrimcə, dəyişən ən vacib şey odur ki, Azərbaycan iki səbəbdən daha üstün mövqedədir. Birincisi, onun Türkiyə tərəfindən dəstəklənən daha böyük bir ordusu var və Rusiya Federasiyası Ermənistanı əvvəlkindən daha az dəstəkləyir. Ermənilər rusların çox tez bir zamanda onların tərəfində olacağını gözləyirdilər. Bu, baş vermədi. Moskva bunun əvəzinə fransalılar və amerikalılarla birlikdə atəşkəsə çağırdı. Beləliklə, müharibə meydanında hazırkı şəraitdə Ermənistan daha zəif vəziyyətdədir. Ona görə də, strateji baxımdan bu, böyük bir dəyişiklikdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri keçmiş SSRİ məsələləri üzrə tanınmış ekspert Pol Qobl “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib.

Ekspert münaqişənin bir müddət davam edəcəyini düşünür. O, fikrini hazırda münaqişə tərəflərindən heç birinin dayanmaq niyyətində olmaması ilə izah edib:

“Azərbaycan döyüş meydanında diqqətəlayiq bir irəliləyiş əldə edib və mən yaxın günlərdə bunun daha da çox olacağını gözləyərdim. Maraqlı sual budur ki, Azərbaycan qüvvələri tərəfindən Rusiyanın öz mövqeyini dəyişib, Ermənistan tərəfə keçəcəyinə səbəb olacaq qədər irəliləyiş əldə olunacaqmı? Çünki mənim tamamilə əmin olduğum və 1991-ci ildən bəri dəyişməyən bir həqiqət var, bu da rusların heç bir tərəfin qalib gəlməsini istəməməsidir. Onlar manipulyasiya edə bilmələri üçün münaqişənin davam etdiyinə əmin olmaq istəyirlər. Azərbaycan qələbəyə bənzər bir şeyə çox yaxınlaşsa, ruslar müdaxilə edə bilər. Lakin fikrimcə, indi bunu etməkdən çəkinirlər, çünki ilk növbədə onlar uduza bilərlər. Ermənistanda onların bazasını təmin etmək getdikcə çətinləşir. Və açığını deyim ki, Azərbaycan qüvvələri özünü hamının gözlədiyindən daha yaxşı nümayiş etdirdi”.

P.Qobl qeyd edib ki, Minsk Qrupunun hələ də çoxlu danışıqlar aparması onu məyus edir:

“Bu, sürpriz deyil, məyusluqdur. Məni təəccübləndirən Türkiyənin sözsüz ki, Bakını dəstəkləmək üçün gözlədiyimdən çox sərt mövqe tutmasıdır. Türkiyə aydındır ki, imkanların olduğunu hiss edir. Və İranın da indiki kimi sakit qalması məni çox olmasa da, bir qədər təəccübləndirir. İranlılar da ruslar kimi heç bir tərəfin qalib gəlməsini istəmir. Onlar İrandakı azərbaycanlıların bundan cəsarət almaması üçün Bakının işlərinin çox yaxşı olmadığına əmin olmaq istəyir. Və Ermənistanın qalib gəlməsini istəmirlər, çünki bu baş versə, İranın daxilində türk xalqları arasında reaksiya ola bilər. Buna görə də, mən çox təəccüblənmədim. Amma deməliyəm ki, Azərbaycan Silahlı Qüvvələrinin, bu məsafədən gördüyümə görə, hərbi şücaəti məndə təsir buraxdı. Bu, göstərir ki, onlar işin öhdəsindən yaxşı gəlirlər. Bu, təlimin nəticəsidir və fikrimcə, bunu başa düşmək vacibdir ki, heyrət doğuran hərbi avadanlıq deyil, daha çox onların keçdiyi təlimdir. Tərəflər arasında silahlanma fərqləri bəzən hərbi münaqişələrdə olduğu kimi, o qədər də böyük deyil. Lakin tamamilə aydındır ki, Azərbaycan qüvvələri daha peşəkardır”.

Turqut

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*