Politoloq: “Ermənistan hüquqi, siyasi və maddi məsuliyyət daşıyır” – ƏTRAFLIbackend

Politoloq: "Ermənistan hüquqi, siyasi və maddi məsuliyyət daşıyır" - ƏTRAFLI

Ermənilər azərbaycanlılara məxsus məzarları məhv edirlər. Bu cinayətin beynəlxalq cəzası nədir?

“Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud fəaliyyət göstərən hüquq normaları sistemidir. Onu qeyd etmək lazımdır ki, ABŞ Dövlət Departamenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar paylaşıb. 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatında sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsində uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirləri qeyd olunub”.

KONKRET.az ilə dialoq zamanı bunları deyən politoloq Yeganə Hacıyeva, həmçinin bildirib ki, Assambleya Ermənistanın məsuliyyət daşıdığı dağıntıları və zərərləri, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunmasını, mədəni irsin dəyişdirilməsini qınayıb:

“İşğaldan azad edilən ərazilərə səfər edən diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə görə, ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.

Qəbirlər murdarlanıb, bəzi hallarda məzarların qarət edilməsi məqsədilə dəliklər açılıb, digər yerlərdə isə onların ağır tikinti texnikası ilə dağıdılmasına və ekshumasiyasına dair dəlillər görülüb. Qəbir daşlarının metodik vandalizmi nəticəsində çox az sayda məzar toxunulmadan qalıb. Mərhumun üzünün əks olunduğu qəbir daşları çəkic və ya bənzər vasitələrlə dağıdılıb.
Bundan başqa, azərbaycanlı qəbirlərinin qalıqları ekshumasiya edilib və qızıl dişləri çıxarılıb, kəllə və sümüklər ətrafa səpələnib və ya bəzi hallarda məzar tamamilə yox edilib”, – Dövlət Departamentinin hesabatında deyilir.

Ermənistan həyata keçirdiyi növbəti təcavüz zamanı da müharibə adətlərini, beynəlxalq humanitar hüququn prinsiplərini, o cümlədən Cenevrə konvensiyalarını və bu konvensiyalara əlavə olunan protokolları kobud surətdə pozmaqda davam edir.

Baş verən müharibə cinayətlərinə görə Ermənistan dövlət olaraq hüquqi, siyasi və maddi məsuliyyət, müharibə cinayətlərini planlaşdıran, onların həyata keçirilməsinə rəhbərlik edən və icra edən şəxslər isə cinayət məsuliyyəti daşıyır”, – deyə politoloq fikrini tamamlayıb.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*