Prezident 3 fərman imzaladıbackend

Prezident 3 fərman imzaladı

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

KONKRET.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 96-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;

1.4. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.21-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744 (Cild I); 2024, № 5 (I kitab), maddə 519) 7‑ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7.1-ci bənddə birinci halda “altıncı” sözü “dördüncü” sözü ilə əvəz edilsin və həmin bənddən “onuncu hissəsinin ikinci–dördüncü, altıncı və yeddinci abzaslarında,” sözləri çıxarılsın;

3.2. aşağıdakı məzmunda 7.1-1-ci bənd əlavə edilsin:

“7.1-1. həmin Qanunun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

3.3. 7.9-cu bəndə “birinci cümləsində” sözlərindən sonra “və 96-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində” sözləri əlavə edilsin.

4. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 17 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.5-ci bənddə “və Hakimlərin Seçki” sözləri “, Hakimlərin Seçki Komitəsinin və Hakimlərin Qiymətləndirilməsi” sözləri ilə əvəz edilsin;

4.2. 2-ci hissə üzrə:

4.2.1. 2.2-ci bənddən “, 13.3-cü” sözləri çıxarılsın;

4.2.2. aşağıdakı məzmunda 2.3‑1‑ci bənd əlavə edilsin:

“2.3-1. həmin Qanunun 12.0.21-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;”.

***

Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 451 (Cild I) ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1.5-ci yarımbəndə “təsviri” sözündən sonra “, habelə bildirişi daxil edən şəxs tərəfindən müəyyən edildikdə daşınar əmlakın seriya nömrəsi” sözləri əlavə edilsin;

1.2. 11.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 11.1.6-cı yarımbənd əlavə edilsin:

“11.1.6. yüklülük predmeti olan daşınar əmlakın seriya nömrəsi (olduqda).”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639 (Cild I) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nin 4.7.8-1-ci yarımbəndindən “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.6-cı bəndi nəzərə alınmaqla,” sözləri çıxarılsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*