Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
KONKRET.az fərmanın mətnini təqdim edir:
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1034 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf” sözləri ilə əvəz edilsin.
2. 5-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası” yeni redaksiyada verilsin.
***
Prezident İlham Əliyev “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.
2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. “Rəqəmsal ekologiya” informasiya sistemi (bundan sonra – REİS) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edir;
3.2. REİS-in sahibi funksiyalarını Nazirlik, operatoru funksiyalarını isə Nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirir.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
4.1. Nazirliklə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq REİS-in “Hökumət buludu”na keçidinin təşkili, aparılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün;
4.2. Nazirliklə birlikdə REİS-də formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalında yerləşdirilməsini təmin etsin.
5. Nazirlik:
5.1. REİS-in formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;
5.2. REİS-in fəaliyyəti zamanı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kosmik peyk vasitəsilə təqdim etdiyi “Yerin məsafədən müşahidəsi xidmətləri”ndən ətraf mühitin mühafizəsində, ətraf mühit təsvirlərinin və məlumatlarının əldə olunmasında istifadəni təmin etsin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi REİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin Nazirliyin sərəncamında olan məqsədli büdcə fondları vasitəsilə maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra–Sistem) “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin.
3. Bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2605 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın 3.8-ci, 3.9-cu bəndləri və 6-cı hissəsi ləğv edilsin.