“Cənab Prezidentin də qeyd etdiyi kimi Ermənistan danışıqlar prosesini pozur”.
Bunu KONKRET.az-a danışan deputat Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, Ermənistan bunu qondarma respublikada seçki keçirmək, qanunsuz məskunlaşdırma siyasəti və müxtəlif yönümlü təxribat xarakterli bəyanatlar verməklə həyata keçirir: “Beynəlxalq aləmin Livandakı partlayışlara yönəldiyi bir vaxtda Ermənistan fürsətdən istifadə edərək oradakı erməniləri məqsədli şəkildə Qarabağa gətirib, məskunlaşdırır. Eyni zamanda ermənilərin Yaxın Şərqdə terror təşkilatları ilə sıx əməkdaşlıq etdiyi və onların döyüşçülərinin Qarabağa gətirilməsinin şahidi oluruq. Ermənistan heç bir beynəlxalq hüquq normasına əməl etmir. BMT-nin işğal olunmuş torpaqlarımızla bağlı 4 mühüm qətnaməsi var. Ancaq bunlara baxmayaraq torpaqlarımızı azad etmək istəmir. Əksinə orada məskunlaşma və qanunsuz seçkilər keçirir. Tovuz istiqamətində və cəbhə bölgəsində davamlı olaraq atəşkəsi pozur. Dəfələrlə Azərbaycan bununla bağlı xəbərdarlığını edib. Bundan əlavə başqa ölkələrdən silah tədarükü həyata keçirir. Bütün bunlar onu göstərir ki, Ermənistan danışıqlar prosesini uzatmaq və Azərbaycan torpaqlarını işğal altında saxlamaqdır”.
Deputat qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərimizdə bizim dini, tarixi abidələrimizi məhv edərək heyvan saxlayır: “Alban kilsələrinin bir hissəsini dağıdıb, bir hissəsini də özününküləşdiririblər. Bu gün Ermənistan davamlı olaraq atəşkəsi pozur, davamlı olaraq mülki əhalini qətlə yetirir, evləri dağıdırır. Bütün bunların hamısı onu göstərir ki, ermənilər məqsədli şəkildə təxribatçı əməllərə davam edirlər. Bunun da səbəblərindən biri beynəlxalq qurumların, BMT-nin, ATƏT-in onlara qarşı adekvat cavab verməməsidir. Beynəlxalq təşkilatların adekvat cavab verməməsi ermənilərin davamlı olaraq təxribatlarını davam etdirməyə şərait yaradır. Bu gün Ermənistan Azərbaycana qarşı həm ölkə daxilində, həm də ölkə xaricində təxribatlara davam edir.
Azərbaycanın da istəyi ondan ibarətdir ki, ATƏT və digər beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiqləri daha da artırmalıdır. Ermənistan işğalçı siyasətinə son qoymalıdır. Azərbaycan illərdir ki, səbir edir. 30 ilə yaxındır ki, danışıqlar davam edir. Azərbaycanın da səbir kasası dolub və işğal altında olan torpaqlarımızın geri qaytarmasını istəyirik. Biz əminik ki, işğal altında olan torpaqlarımızı azad edəcəyik. Uzun müddətdir ki, biz danışıqlara davam edir, beynəlxalq hüquqa əməl edirik. Ermənistan isə davamlı olaraq beynəlxalq hüququn normalarını pozur və təxribatlara əl atır. Bunun da cəzasını alacaq”.
Nərgiz Mirzəyeva,
KONKRET.az