Xəbər verdiyimiz kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir.
KONKRET.az-ın məlumatına görə, tədbirdə iştirak edən Prezident İlham Əliyev Azərbaycan və Rusiya arasındakı münasibətlərlə bağlı sualı da cavablandırıb.
Dövlət başçısı bildirib ki, AZAL-ın təyyarəsinin qəzaya uğramasından 7 ay keçməsinə baxmayaraq, hələ də Rusiya rəsmilərindən cavab almamışıq:
“Bizim üçün hər şey aydındır. Biz nə baş verdiyini bilirik. Bunu sübut edirik. Bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardılar. Onlar da gözəl bilirlər ki, nə baş verib.
İstənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii idi – öz günahlarını etiraf etsinlər, təyyarəni vuranlar cəzalandırılsın və qurbanların ailəsinə təzminat ödənilməlidir. Və eyni zamanda AZAL-ın təyyarəsinə görə təzminat verilməlidir.
Bizim pilotlar cəsarət və peşəkarlıq göstərdilər. Bütün sərnişinlər həlak olmadı. Biz dərhal Aktauya heyət göndərdik. Gördük ki, təyyarənin füzelyajı deşik-deşik edilib. Təyyarəmizə qarşı iki dəfə hücum olub. Guya Ukrayna dronu bizim təyyarəmizlə toqquşub. Bu, uşaq bağçası səviyyəsində olan hekayədir. Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanılmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdı. Həmin o şəxslər xalça əməliyyatını gec ediblər. 7 aydır ki, biz cavab ala bilmirik. Baş prokurorumuz müntəzəm olaraq Rusiyaya məktub ünvanlayır, cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik görək nə zaman bitir bu təhqiqat. Bu o demək deyil ki, biz bunu unudanıq. Bunu unuda bilmərik. Artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, buna vaxt lazım olacaq. Amma biz ədalətə nail olacağıq”.