Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənpərəst siyasətçi Konstantin Zatulin Vladimir Putinin Bakı səfəri ilə bağlı “hraparak.am” saytına müsahibə verib.
KONKRET.az həmin müsahibəni sizə təqdim edir:
– Vladimir Putin Azərbaycana dövlət səfəri edib. Bu səfəri necə qiymətləndirərdiniz?
– Mən səfərlə bağlı məlumatları sırf mediadan alıram. Təəssüf ki, Moskvanı tərk etmədiyim üçün vacib informasiyalar mənə həmişə çatmır. Bu, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəridir. Bu qədər.
– Putin artıq bir neçə dəfə Azərbaycanla Rusiya arasında münasibətlərin nə qədər mükəmməl olduğuna dair açıqlamalar verib. Maraqlıdır ki, Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Putinlə görüşmək istəyinə eyham vursa da, Putin Türkiyəyə deyil, Bakıya getdi. Bu, Ərdoğana mesajdırmı ki, Azərbaycanla Türkiyənin iştirakı olmadan birbaşa işləyəcək?
– Düşünmürəm ki, bu, Ərdoğanla təmaslardan imtinadır. Türkiyə ilə Azərbaycanın yaxınlığını nəzərə alsaq, təbii ki, Bakı vasitəsilə Türkiyəyə mesajların verildiyini, xüsusən də münasibətlərdə gərginlik olanda bəzi mesajların Azərbaycan üzərindən verilə biləcəyi hallarını istisna etmirəm. Amma Putinin səfərinin öz əhəmiyyəti var, bu, Türkiyə ilə təmasları əvəz etmir, sadəcə olaraq, bu vəziyyətdə prezidentin qonşuları ilə təmasda olmaq istəyi başa düşüləndir ki, gələcəkdə sürprizlər olmasın.
– Putin İlham Əliyevlə Ermənistan-Azərbaycan münasibətlərini, kommunikasiyaların blokadadan çıxarılmasını erməni tərəfinin iştirakı olmadan müzakirə edib.
– Əgər Putin Azərbaycana rəsmi səfərə gedirsə, onu çətin ki, buna görə qınasınlar. Azərbaycana Ermənistandan olan tərcüməçi ilə getməlidir? Putin İlham Əliyevlə Rusiya-Azərbaycan münasibətlərini müzakirə edib və müzakirələrdə Qarabağda baş verənlərin də mövzu olduğu gözləniləndir. İstənilən dövlət xadimi istər Rusiyadan, istər Avropa İttifaqından, istərsə də ABŞ-dan Azərbaycana və ya Ermənistana gəlirsə, mütləq Azərbaycanla Ermənistan arasında mövcud münasibətləri müzakirə edəcək. Aydındır ki, Putin Ermənistanla bağlı fikirlərini Azərbaycanla deyil, Ermənistanla təmaslar əsasında formalaşdırır.
– Qeyd etdiniz ki, Putin bu səfərlə əmin olmaq istəyir ki, qonşulardan Rusiya ilə bağlı gözlənilməz və ya arzuolunmaz sürprizlər olmayacaq. Bu sürprizlər nə ilə bağlı ola bilər?
– İndi həm Azərbaycan, həm də Ermənistan danışıqları Rusiyanın təklifləri ilə deyil, Qərb formatında aparmağa üstünlük verir, orada danışır, orada görüşürlər. Eyni zamanda, həm Ermənistan, həm də Azərbaycanla münasibətlər həm şəxsi, həm də rəsmi səviyyədə fərqli şəkildə qurulur. Biz Ukraynada keçirilən xüsusi əməliyyat barədə danışmaqdan qaça bilmərik və prezident Putin bu vəziyyətlə bağlı fikirlərini İlham Əliyevə deyəcək. Bəli, biz təsdiq edirik ki, həm Ermənistan, həm də Azərbaycanın Rusiya ilə əlaqələri var. Paralel olaraq onlar Ukrayna tərəfi ilə təmaslarını azaltmır. Son vaxtlar Ermənistan bunu daha tez-tez edir, Azərbaycan və Türkiyə isə bunu həmişə ənənəvi şəkildə həyata keçirir. Biz bunu nəzərə almalıyıq. Əlbəttə, bu əməkdaşlığın miqyasını, cəbhə xəttindəki vəziyyətə, müharibəyə nə dərəcədə təsir etdiyini ölçmək üçün vacibdir. Fikrimcə, bütün bunlar İlham Əliyevlə müzakirə olunacaq. Bu mənim təxminimdir, mən Putinin gündəmi ilə tanış deyiləm.
Rəsmiyyə Şərifova,
KONKRET.az